Qazaxıstanın Azərbaycandan idxalı rekord səviyyədə artıb

Biznes
  • 06 fevral, 2023
  • 07:04
Qazaxıstanın Azərbaycandan idxalı rekord səviyyədə artıb

2022-ci ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 461,9 milyon ABŞ dolları təşkil edib ki, bu da, 2021-ci illə müqayisədə 39 % çoxdur.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

İl ərzində Qazaxıstanın Azərbaycana ixracı təxminən 30 % artaraq 375,3 milyon ABŞ dollarına, idxalı isə rekord göstəricidə 95 % artaraq 86,6 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Qazaxıstandan Azərbaycana əsasən xam neft (74,9 milyon ABŞ dolları), buğda (69,9 milyon ABŞ dolları; 3,7 dəfə çox), neft məhsulları (56,8 milyon ABŞ dolları; 3,1 dəfə çox), xüsusi təyinatlı üzən avadanlıqlar (120,7 milyon ABŞ dolları; 92,7 % çox) və dəmir yolu elektrovozları (21,6 milyon ABŞ dolları; 60,8 % çox) ixrac edilib.

Ötən il Qazaxıstan Azərbaycandan şəkər (13,6 milyon ABŞ dolları; 147,2 dəfə çox), xüsusi təyinatlı üzən gəmilər (11,4 milyon ABŞ dolları; 6,3 dəfə çox), kruiz gəmiləri, bərələr və sərnişinlərin daşınması üçün digər vasitələr (8,4 milyon ABŞ dolları) və qara metal boruları (7,7 milyon ABŞ dolları) idxal edib.

Eyni dövrdə Qazaxıstan Azərbaycandan propilen polimerləri (5,4 milyon ABŞ dolları; 35,4 % az), etilen polimerləri (3,6 milyon ABŞ dolları; 54,3 % az), fındıq (1,1 milyon ABŞ dolları; 29,6 % az) idxalını azaldıb, geodeziya və ya topoqrafik alətlərin tədarükü isə tamamilə dayandırılıb.