Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə yardımı ilə bağlı müraciətləri elektronlaşdırılıb.
Biznes
1 May , 2024 17:42
Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə yardımı ilə bağlı müraciətləri elektronlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bu məqsədlə Dövlət Vergi Xidmətinin internet portalı – İnternet Vergi İdarəsində (https://new.e-taxes.gov.az) yeni elektron xidmət yaradılıb. İnternet Vergi İdarəsində vergi ödəyicisinin elektron kabinetinin “Ərizələr” bölməsində “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi ərizəsi” adlı elektron müraciət forması istifadəyə verilib.

DVX qeyd edir ki, vergi ödəyiciləri bu xidmətdən yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə istifadə edə bilərlər.

Bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Prezidenti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” 1 may 2023-cü il tarixli Fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun ödənilən vəsaitin 20 %-i məbləğində dövlət büdcəsi hesabına maliyyə yardımının göstərilməsi nəzərdə tutulub.

Bundan başqa, Nazirlər Kabinetinin 2 iyun 2023-cü il tarixli Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası” təsdiq olunub. Həmin qaydanın 2.1-ci bəndinə əsasən, sahibkar maliyyə yardımının ödənilməsi üçün hər ay bitdikdən sonra növbəti ayın 5-dək müvafiq məlumatları, eləcə də kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada Dövlət Vergi Xidmətinə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi