Özbəkistan şirkəti Bakıda filial açır
- 15 dekabr, 2021
- 12:24
Özbəkistanın məişət avadanlığı istehsalçısı “Artel” şirkəti Bakıda filialını açacaq.
Bunu “Report”a şirkətin ixracatın inkişafı departamentinin meneceri Seyfulla Niqmətov bildirib.
Onun dediyinə görə, şirkət fəaliyyət göstərdiyi 10 ilin 6 ili ərzində məhsullarını Azərbaycana ixrac edib. Həmçinin 100 milyon dollardan artıq illik ixracatın 15 milyon dolları Azərbaycanın payına düşür.
“Tezliklə Bakıda filialımız açılacaq. Filialda sərgi salonu fəaliyyət göstərəcək. Bununla yanaşı, Azərbaycanda iki distribütorumuz da var” – deyən “Artel” nümayəndəsi “Shivaki” brendi altında da məhsul istehsal etdiklərini, “Baku Electronics” şəbəkəsilə əməkdaşlıq etdiklərini dilə gətirib.
Özbəkistanlı iş adamının dediyinə görə, Azərbaycanda ən çox satılan məişət cihazları televizor və kondisionerlərdir: “Bütövlükdə MDB ölkələrinə ildə orta hesabla 45 min televizor, 20 min kondisioner ixrac edirik”.