Ötən il yaşamaq üçün Qazaxıstana köçmüş vətəndaşlarımızın sayı açıqlanıb

Ötən il yaşamaq üçün Qazaxıstana köçmüş vətəndaşlarımızın sayı açıqlanıb Çox güman ki, bu da COVID-19 pandemiyası ilə bağlıdır
Biznes
4 Mart , 2021 15:56
Ötən il yaşamaq üçün Qazaxıstana köçmüş vətəndaşlarımızın sayı açıqlanıb

2020-ci il ərzində 32 nəfər Qazaxıstan vətəndaşı yaşamaq üçün Azərbaycana köçüb.

Bu barədə “Report” Qazaxıstanın Milli Statistika Bürosuna istinadən xəbər verir.

Məlumata görə, ötən il Azərbaycana yaşamaq üçün köçən Qazaxıstan vətəndaşlarının sayı 2019-cu il ilə müqayisədə 17,9 % azdır.

Bundan başqa, 2020-ci il ərzində Qazaxıstana yaşamaq üçün 176 nəfər Azərbaycan vətəndaşı köçüb. Bu da 2019-cu ilin nəticələri ilə müqayisədə 11,6 % azdır.

Ümumiyyətlə, 2020-ci ildə Qazaxıstandan 29,1 min nəfər yaşamaq üçün başqa xarici ölkələrə köçüb. Ötən il ərzində Qazaxıstanda yaşamaq üçün isə 11,4 min nəfər xarici ölkə vətəndaşları gəlib. Bununla da ölkəyə gələnlərlə gedənlər arasındakı fərq mənfi 17,6 min nəfər təşkil edib. Son illər ərzində ilk dəfə olaraq ölkəni tərk edənlərin sayı 35,6 % azalıb.

2020-ci ilin nəticələrinə əsasən, miqrasiya axını mənfi 33 min nəfərdən mənfi 17,6 min nəfərə və ya 46,6 % azalıb.

Qeyd etmək lazımdır ki, ölkəyə gələnlərin sayı da 6,6 % azalıb. Çox güman ki, bu da COVID-19 pandemiyası ilə bağlıdır.

Statistik məlumatlara əsasən, ötən il 2019-cu illə müqayisədə əksər qazaxıstanlılar Rusiyaya - 25 139 nəfər ( - 36,8 %), Almaniyaya – 2 250 (-19,8 %), ABŞ – 247 (-9,5 %), Belarusa – 234 (-34,3 %), Özbəkistana – 199 (-54,3 %), Kanadaya – 111 (+35,4 %), Qırğızıstana – 85 (-52 %), Ukraynaya – 71 (-12,3 %), İsrailə – 61 (-59,3 %), Türkiyəyə – 54 (-33,3 %) köçüblər.

Bununla belə, 2020-ci il ərzində Qazaxıstana Rusiyadan – 3614 (+6,6 %), Özbəkistandan – 2 595 (-37,6 %), Çindən– 1560 (+4,7 %), Türkmənistandan – 1192 (+36,4 %), Qırğızıstandan – 465 (+23,7 %), Türkiyədən – 312 ( 2,3 dəfə artım), Almaniyadan – 175 (-24,6 %), Tacikistandan – 158 (-8,7 %), Monqolustandan – 147 (-46,4 %), İrandan - 106 (-17,2 %), Gürcüstandan – 99 (2,3 dəfə artım), ABŞ-dan – 73 (-12 %), Ukraynadan – 70 (-31,4 %), Belarusdan – 42 (-44 %), Ermənistandan – 23 (-32,4 %) nəfər yaşamaq üçün gəliblər.

Son xəbərlər

Orphus sistemi