Orxan Məmmədov: "KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər"

Orxan Məmmədov: "KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər" Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilir.
Biznes
27 Noyabr , 2021 16:12
Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilir.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və KOBİA-nın nümayəndələri iştirak ediblər.

Festivaldakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir.

Vurğulanıb ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. KOBİA tərəfindən müxtəlif yerli, beynəlxalq sərgi və festivallarda KOB-lar üçün xüsusi stendlər təşkil olunur və onlar üçün öz məhsullarını tam ödənişsiz olaraq nümayiş etdirmək imkanı yaradılır.

İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Turizm sahəsində sahibkarlığın təşviqi də KOBİA-nın fəaliyyət gündəliyində hər zaman prioritet təşkil edir. Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların iştirakı ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi yaradılıb ki, bənzər layihələr digər turizm bölgələrində də həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi