Orxan Məmmədov: “Azərbaycanda fərdi sahibkarların 21 %-i qadınlardır”

Orxan Məmmədov: “Azərbaycanda fərdi sahibkarların 21 %-i qadınlardır” zərbaycanda fərdi sahibkarların təxminən 21%-i qadınlardır və onların iqtisadi inkişafda rolu getdikcə artır.
Biznes
23 Noyabr , 2022 10:47
Orxan Məmmədov: “Azərbaycanda fərdi sahibkarların 21 %-i qadınlardır”
Orxan Məmmədov

Azərbaycanda fərdi sahibkarların təxminən 21 %-i qadınlardır və onların iqtisadi inkişafda rolu getdikcə artır.

Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin Orxan Məmmədov Bakıda “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.

“Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Agentlik ölkə iqtisadiyyatının inkişaf prioritetlərini və milli xüsusiyyətlərini nəzərə almaqla, qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının artırmaq üçün tədbirlər görür. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün bizim təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərdən faydalanırlar. Həmçinin, qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. KOBİA yanında İctimai Şurada “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyi də təmsil olunur”, - deyə o, qeyd edib.

O.Məmmədovun sözlərinə görə, bu ilin aprel-avqust aylarında KOBİA-nın Xaçmaz KOB İnkişaf Mərkəzi AQSİA ilə birgə "Gender yönümlü əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində qadınlar üçün müxtəlif mövzularda təlimlər təşkil edib, ötən aydan isə Agentliyin təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və AQSİA-nın tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihəyə start verilib: “Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. KOB İnkişaf Mərkəzlərinin bu il keçirdiyi təlimlərdə 4 000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb”.

“Agentliyin göstərdiyi dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 9 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 100-dən çox qadın yararlanıb", - deyə o, əlavə edib.

KOBİA-nın sədri həmçinin deyib ki, ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolunun, KOB subyektləri arasında qadınların sayının daha da artması üçün potensial böyükdür:" Azərbaycan qadını təkcə mikro sahibkarlıq kimi deyil, həm də iri sahibkarlıq fəaliyyəti üçün özünü hazır hiss etməlidir. Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər. Ötən müddət ərzində daimi olaraq ölkəmizdə işgüzar qadınlarımızın sayı artmaqdadır. Artan dinamika ilə irəliləyən qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirir və mandatımız çərçivəsində onları hər zaman dəstəkləyəcəyik".

Xatırladaq ki, forum Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. Forumda 32 ölkədən beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri, qadın sahbkarlar, investorlar, assosiasiyalar, özəl sektor nümayəndələri daxil olmaqla 2000-dən çox şəxs iştirak edib. Qeyd edək ki, konfrans çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi