Orxan Məmmədov: "Azərbaycanda 2026-cı ilədək texnoloji sənayenin ÜDM-də payı 15 %-ə çatacaq"

Orxan Məmmədov: "Azərbaycanda 2026-cı ilədək texnoloji sənayenin ÜDM-də payı 15 %-ə çatacaq" Azərbaycanda 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15 %-ə qədər artırılması hədəflənir.
Biznes
13 Fevral , 2023 10:55
Orxan Məmmədov: Azərbaycanda 2026-cı ilədək texnoloji sənayenin ÜDM-də payı 15 %-ə çatacaq
Orxan Məmmədov

Azərbaycanda 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15 %-ə qədər artırılması hədəflənir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, innovativ sahibkarlığın inkişafı Azərbaycan hökumətinin strateji fəaliyyət gündəliyində də əks olunub: "Ötən il təsdiq edilmiş “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”nda ortamüddətli dövr üçün keyfiyyətcə yeni inkişaf modelləri müəyyən edilib. Rəqabətli iqtisadiyyatın təməli olan məhsuldarlığın, innovasiya və müasir texnologiyalar hesabına yüksəldilməsi təsbit olunub. Bu məqsədlə, innovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması, startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sisteminin hazırlanması, innovasiya klasterinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

O qeyd edib ki, Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini təşkil edir və ölkənin dayanıqlı və innovativ inkişafı KOB-ların inkişaf səviyyəsi ilə sıx bağlıdır:"Biznes proseslərinin müasir texnologiyalar əsasında qurulması biliklərin artırılmasını, potensialın gücləndirilməsini, qabaqcıl təcrübələrin mənimsənilməsini və müvafiq sahəyə investisiyaların yatırılmasını tələb edir".

O.Məmmədov xatırladıb ki, 2021-ci ildə KOB subyektləri tərəfindən elmi-tədqiqat xərcləri 21,4 milyon manat və ya təqribən 13 milyon ABŞ dolları təşkil edib: "Əvvəlki dövr ilə müqayisədə təqribən 36 % artım olsa da, qarşıya qoyulmuş hədəflərin əldə edilməsində bu göstəricinin həm dövlət, həm də özəl sektor vasitəsilə yüksəldilməsinə ehtiyac vardır.

Onun sözlərinə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-ların innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyət göstərir: "Bunlar təşviq, məlumatlandırma və biliklərin artırılması, eləcə də resursların təmin edilməsi işləridir. Bizneslərin fəaliyyətinin müasir tələblərə uyğun təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası vacibdir. Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verdik".

O. Məmmədov deyib ki, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, KOBİA tərəfindən “Startap” şəhadətnaməsi təqdim edilir: "Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bu günədək 90-a yaxın sertifikat təqdim edilib".

Son xəbərlər

Orphus sistemi