“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası və mobil tətbiqi hazırlanacaq

“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası və mobil tətbiqi hazırlanacaq “Orqanik Naxçıvan” aqroparkının inkişaf konsepsiyasının hazırlanmasına başlanılıb.
Biznes
10 Yanvar , 2025 13:54
“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası və mobil tətbiqi hazırlanacaq

“Orqanik Naxçıvan” aqroparkının inkişaf konsepsiyasının və mobil tətbiqlərinin hazırlanmasına başlanılıb.

“Report” bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, konsepsiya hazırlanarkən inkişaf hədəfləri Naxçıvanda ənənəvi əkinçilik və heyvandarlıqdan müasir mütərəqqi texnologiyalara əsaslanan kənd təsərrüfatına, o cümlədən orqanik yetişdiriciliyə keçid mərhələləri nəzərə alınmaqla planlaşdırılmalı, ilk mərhələdə rezidentlərdən təzə, emal olunmuş və qablaşdırılmış məhsullar toplanılmaqla yanaşı yeni istehsal və emal sahələrinin yaradılması hədəflənməli, birinci mərhələdə hazır qablaşdırma materialları, növbəti mərhələdə isə xüsusi dizaynlı qablaşdırma materialları əsasında fəaliyyət tənzimlənməli, bütün mərhələlərdə istehsalçılarla emalçılar, o cümlədən tədarük və təchizatçılar arasında əlaqə zəncirinin qurulması diqqətdə saxlanılmalıdır.

Konsepsiyada Naxçıvanın bütün ərazisinə şamil olunmaqla aşağıdakı məsələlərin əhatə edilməsi nəzərdə tutulmalıdır:

- Dünya bazarında üstünlük təşkil edən kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi və Azərbaycanın daxili bazarlarında mövcud vəziyyətin və satış imkanlarının müqayisələndirilməsi;

- Məhsuldarlığı üstün olan, yerli iqlim şəraitinə, quraqlığa və zərərli orqanizmlərə davamlı yeni növ bitki növlərinin müəyyənləşdirilməsi;

- Məhsuldarlığı üstün olan ətlik və südlük üzrə yerli iqlim şəraitinə uyğun yeni cins heyvanların müəyyənləşdirilməsi və bəslənilməsi tövsiyə olunan ərazilər üzrə, eləcə də bəslənmə şəraiti barədə təkliflərin verilməsi;

- Xarici ölkələrdə, eləcə də ölkənin digər bölgələrində keyfiyyətli orqanik istehsala sahib müəssisələrin müəyyənlədirilməsi və yerli iqlim şəraiti nəzərə alınmaqla təkliflərin verilməsi;

- Orqanik məhsul dövriyyəsinin təşkilinə dair dünya təcrübəsinin öyrənilməsi, o cümlədən mövcud qanunvericilik və standartların müəyyənləşdirilməsi;

- Azərbaycanda orqanik məhsul dövriyyəsinin təşkilinə dair təcrübənin öyrənilməsi, o cümlədən mövcud qanunvericilik və standartların müəyyənləşdirilməsi, təkmilləşdirmə ilə bağlı təkliflərin verilməsi;

-Naxçıvanda orqanik kənd təsərrüfatı prinsiplərinə əsaslanaraq təmiz atmosfer, torpaq, su mənbələrinin və s. qiymətləndirilməsi;

- Naxçıvanda orqanik və digər kənd təsərrüfatı məhsullarının potensialının qiymətləndirilməsi;

- Keyfiyyətli və rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı üzrə intensiv heyvandarlıq və bitkiçilik təsərrüfatlarının yaradılması üçün muxtar respublikanın ərazisinin qiymətləndirilməsi;

- Naxçıvanda istehsal edilən kənd təsərrüfatı, o cümlədən orqanik məhsulların xarici bazarlara çıxış imkanlarının araşdırılması, seçilmiş ölkələrin tələblərinin müəyyənləşdirilməsi, tələb olunan beynəlxalq sertifikat növlərinin müəyyənləşdirilməsi;

- Aqropark (Aqroklaster) ərazisində istehsal və emal ediləcək məhsulların, o cümlədən orqanik məhsulların müəyyənləşdirilməsi, orqaniklə bağlı nümunəvi sertifikat formasının hazırlanması;

- İstehsal və emal olunan məhsulların, o cümlədən onların dövriyyəsində dəstək tədbirlərinin müəyyənləşdirilməsi; - Muxtar respublikada “Orqanik Naxçıvan” brendi altında dövriyyəsi təşkil ediləcək məhsulların müəssisələrinin yerlərinin müəyyən edilməsi və ərazilərin qiymətləndirilməsinin həyata keçirilməsi;

-Orqanik məhsulların qablaşdırılma və etiket nümunələrinin hazırlanması;

- İstehsal olunan kənd təsərrüfatı məhsullarının, o cümlədən orqanik məhsulların marketinqini,daxili və xarici bazarlara çıxışını təşkil etmək, həmçinin “Orqanik Naxçıvan” brendinin tanıdılması üçün beynəlxalq standartların tələblərinin müəyyən edilməsi;

- Məhsul istehsalçıları və emalçıları ilə işləmə qaydalarının və şərtlərin müəyyənləşdirilməsi, rezidentlərin seçilməsi, müqavilə formalarının hazırlanması;

- Torpaq sahələrindən, su ehtiyatlarından və infrastrukturdan daha səmərəli istifadəyə imkan verən innovativ texnologiyaların tətbiq edilməsi üçün təkliflərin verilməsi və əsaslandırılması;

- Yerli toxumların, gübrələrin və digər vasitələrin istehsalının təşkilinin və satış imkanlarının araşdırılması;

- Məhsul yetişdiriciliyində iqlim dəyişkənliyi nəzərə alınmaqla davamlı sortların yetişdirilməsinə dair təkliflərin verilməsi;

- Orqanik məhsullarla qida təhlükəsizliyinin və insan sağlamlığının qorunması istiqamətində kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə təbliğatının aparılması üçün marketinq planının hazırlanması;

- Texniki innovasiyalara xüsusi yer ayırmaqla “Orqanik Naxçıvan” brendinin tətbiqetməsinin (application) yaradılmasına dair planın hazırlanması, rəqəmsallaşma prosesində vətəndaşlara təqdim olunan brend barədə xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi edilməsinə dair planın hazırlanması.

Son xəbərlər

Orphus sistemi