Onlayn alınıb geri qaytarılan malın pulunun ödənişi tezləşdirilə bilərmi?

Onlayn alınıb geri qaytarılan malın pulunun ödənişi tezləşdirilə bilərmi? Azərbaycanda sözügedən müddət 5-7 gündür
Biznes
3 Aprel , 2021 16:18
Onlayn alınıb geri qaytarılan malın pulunun ödənişi tezləşdirilə bilərmi?

Müasir iqtisadiyyatı elektron ticarət olmadan təsəvvür etmək mümkün deyil. Dünyanın inkişaf etmiş ölkələrində ticarətin mühüm hissəsi elektron üsulla həyata keçirilir. Bu, "yerindən tərpənmədən" alış-verişə imkan versə də, bəzən mal ünvanına çatanda müəyyən problemlər ortaya çıxır və onu geri qaytarmaq zərurəti yaranır. Və, təbii ki, malın pulu geri ödənilir. Bu ödəniş isə müxtəlif ölkələrdə bəzən günlərlə, bəzən isə aylarla vaxt aparır. 2008-ci ildən elektron ticarətin həyata keçirildiyi Azərbaycanda sözügedən müddət 5-7 gündür. Bəs geri ödəniş bir qədər tezləşdirilə bilərmi?

"Report"a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova deyir ki, onlayn ticarətdə geri ödəniş əsasən bankdan asılıdır.

"Vasitəçi şirkətin yaranması həmçinin kiçik sahibkarlar üçün də məhsullarını tanıtmaq üçün əlverişli olar"

Günay Hüseynova

İqtisadçı ekspert

“Banklar bəzən geri ödəmə əməliyyatını bir günə, bəzən isə yeddi günə yerinə yetirir. Xarici ölkələrin çoxunda elektron ticarətdə belə bir sistem var ki, alıcı və satıcı ortaq məkanda olur. Belə ki, satıcı məhsulunu sayta yerləşdirir, alıcıya məhsul çatandan 1 həftə sonra məhsulun pulunu vasitəçi şirkət satıcıya ödəyir. Həmin müddətə qədər pul vasitəçi şirkətin bank hesabında qalır. Belə olduqda həm məhsuldan imtina hallarında ödənilən məbləğ tez bir zamanda geri qaytarılır, həm də güvən baxımından bu sistem daha uyğundur. Bir iş də var ki, onlayn ticarətdə çoxlu saxtakarlıq halları olur. Bu kimi hallar olmasa belə, məbləğin geri qaytarılmasında gecikmələr yaşanır. Vasitəçi şirkətin yaranması həmçinin kiçik sahibkarlar üçün də məhsullarını tanıtmaq üçün əlverişli olar, - G.Hüseynova əlavə edib.

Elektron ticarət üzrə ekspert Nigar Zeynalova qonşu Türkiyəni misal çəkir, bildirir ki, burada ödənilən məbləğin geri qaytarılmasının tezləşdirilməsi istiqamətində konkret planlar var:

"Azərbaycanda bu prosesi daha da tezləşdirmək mümkün ola bilər. Lakin bu daha çox bankların əlaqədar olduğu bir məsələdir"

Nigar Zeynalova

Elektron ticarət üzrə ekspert

“Türkiyədə geri ödənişlərlə bağlı çox vaxt problemlər yaşanıb və bəzən hətta 3-5 aya qədər gecikmələr olub. Orada həm daxili, həm də xarici bazarlarla onlayn ticarət çox inkişaf edib. Odur ki, Türkiyədə bu mövzunu aktuallaşdırmağa çalışırlar və ödənilən məbləğin geri qaytarılması prosesini tezləşdirmək istəyirlər. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizdə bu müddət 3-7 iş günü arasındadır. Əksər banklar ödənilmiş məbləği üç gün müddətində alıcıya geri qaytarırlar”.

N.Zeynalova həmçinin qeyd edib ki, bu prosesin sürətləndirilməsi daha çox banklardan asılı olan məsələdir: “Black Friday”, yəni “Qara cümə” günü belə bir problem yaşanmışdı. İnsanlar məhsulu elektron şəkildə almaq üçün ödəniş edirdi, yəni onların kartlarından pul çıxırdı, lakin elektron səbətdə həmin məhsulun alındığı görünmürdü. Bu hal əsasən ABŞ saytlarında yaşandı və insanların bir qədər təşvişə düşməsinə səbəb oldu. Banklar həmin məbləğin dondurulduğunu bildirdilər. Alış-veriş edilən sayt ödənilən məbləği banka geri qaytardıqdan sonra bank onu sifarişçinin hesabına yönəldə bilərdi. Bu, təkcə banklardan asılı olan məsələ deyil və bankla saytlar arasında qurulmuş sistemdir. “Qara cümə” günündə uzunmüddətli gecikmə olmuşdu və insanlar arasında bir sıra sual doğuran məsələlər ortaya çıxmışdı. Belə ki, insanlar aldıqları məhsulun qiymətinin bu gecikmə müddəti ərzində qalxacağı təqdirdə kartların əlavə məbləğin çıxılacağı barədə təşviş içərisində idilər. Lakin “Qara cümə” bitəndən sonra saytlar həmin məbləği geri göndərdilər və bundan sonra bizim bankların sisteminə uyğun olaraq 3-5 gün ərzində geri ödənilən məbləğlər sifarişçilərin kartlarına oturdu. Azərbaycanda bu prosesi daha da tezləşdirmək mümkün ola bilər. Lakin bu daha çox banklarla əlaqədar bir məsələdir”.

Son xəbərlər

Orphus sistemi