Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanovanın “Report”a müsahibəsi:
- Nərgiz xanım, bu gün Azərbaycan və Polşa arasında istər iqtisadi, istərsə də siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Bu il Azərbaycan və Polşa arasında münasibətlərimizdə çox önəmli üç yubileyə təsadüf edir. Tarixi münasibətlərimizin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyi və strateji tərəfdaşlıq münasibətlərimizin 5 illiyidir. Sonuncu yubileydə xüsusən dayanmaq istərdim. Çünki 5 il bundan öncə möhtərəm Cənab Prezidentimizin Polşaya rəsmi səfəri zamanı Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi sənədi imzalanmışdı. Bu sənəd hər iki ölkənin prezidentləri tərəfindən, həm Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Anjey Duda tərəfindən imzalanıb.
Əslində, bu sənəd bizim ənənəvi dostluq münasibətlərimizi keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdı. Biz artıq strateji tərəfdaşıq. Bir məqamı da qeyd edim ki, Cənubi Qafqaz ölkələri arasında bu sənəd yalnız Azərbaycanla imzalanıb. Yəni Polşanın Cənubi Qafqazda ən böyük strateji və ən böyük tərəfdaşı məhz Azərbaycandır. Bu sənəddə əməkdaşlığımızın bir çox istiqaməti yer alıb. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və bu günlərdə Varşava ilə Bakı arasında aviareysin açılması da bunun bir nümunəsidir.
4 il öncə Polşada Azərbaycan Ticarət Evinin açılması da ikitərəfli münasibətlərə töhfə verir. Azərbaycanın enerji sahəsində Avropa İttifaqına verdiyi töhfə Polşa hökuməti tərəfindən müsbət qarşılanır və alqışlanır. Həmin bu strateji sənəd eyni zamanda iqtisadi, siyasi və humanitar sahələrdə də əməkdaşlığa yeni imkanlar açır. Misal üçün, universitetlər arasında əməkdaşlıq. Belə ki, azərbaycanlı tələbələr Polşanın təkcə paytaxt Varşavada deyil, müxtəlif şəhərlərini özü üçün bilikləri qazanmaq üçün məkan seçirlər və tələbələrimiz həmin bu universitetlərdə çox uğurla oxuyurlar. Bəzi halda orada qalaraq Polşa iqtisadiyyatına və ya yerli akademik dairələrin fəaliyyətinə töhfə verirlər. Bu sevindirici haldır. Yəni Azərbaycanın gənc kadrları Polşada sadəcə özlərinin karyerasını yaratmaqla deyil, Azərbaycanı peşəkar formada təmsil etməklə seçilirlər.
- Bu gün Polşada nə qədər Azərbaycan şirkəti fəaliyyət göstərir və ümumilikdə Azərbaycan iş adamları Polşa iqtisadiyyatına nə qədər investisiya yatırıblar?
- Bizdə olan məlumata görə, hələlik Polşada çox sayda Azərbaycan şirkəti fəaliyyət göstərmir. Azərbaycanın Polşadakı ən böyük təsisatı rəsmi olaraq Ticarət Nümayəndəliyidir. Bu Ticarət Nümayəndəliyi 2018-ci ildən fəaliyyət göstərir. Onun da əsas vəzifəsi “Made in Azerbaijan” brendinin oradakı təbliğatıdır. Bu gün Polşada “Made in Azerbaijan” brendini çox professional şəkildə təbliğ edirlər.
Varşavanın ən gözəl yerində yerləşən böyük bir dükanında Azərbaycanda istehsal olunan və ixrac qabiliyyətli bütün məhsullar sərgilənir. Sərgilənməklə yanaşı, inqiyədək və hazırda Azərbaycanda istehsal olunan 45 şərab növü Polşanın aparıcı dükanlar şəbəkəsi olan “Carrefour”, “Auchan”, “Lidl”da təmsil olunub. Azərbaycan çayı, ölkəmizdə istehsal olunan nar suyu, nar şərabı, nardan olan şərablar, yəni kənd təsərrüfatının emal olunmuş məhsulları artıq bu dükanlarda təmsil olunub ki, bu da polşalılar üçün Azərbaycanı yeni baxımdan kəşf etmək deməkdir. Varşava ilə Bakı arasında yeni avireysin açılması da bu kimi əlaqələri genişləndirəcək.
- Məlumdur ki, bu gün Polşa Rusiya eneji resurslarından imtina etmək niyyətindədir. Ölkə bu istiqamətdə müəyyən addımlar atmaq ərəfəsindədir. Təbii ki, Azərbaycan bu istiqamətdə Polşaya öz dəstəyini göstərə və Polşaya Azərbaycanın enerji resursları nəql edilə bilər. Polşa hökumətinin bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə hər hansı danışıqlar aparırmı?
- Polşa tərəfi ümumiyyətlə, ənənəvi olaraq Avropanın enerji təhlükəsizliyini birmənalı olaraq dəstəkləyən ölkələrdəndir. Bir neçə il və hazırda da Polşanın daxili siyasətinin əsas hədəfi enerji sayəsində bir neçə mənbədən enerji resurslarını alaraq tam müstəqil olmaqdır. Bununla bağlı bir neçə layihə uğurla davam edir. Digər tərəfdən, biz bilirik ki, neft məhsullarına gəldikdə, neft artıq qlobal bir əmtəədir və Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə daşınaraq daha sonra tankerlərlə dünya bazarına çıxarılır və dünya ölkələri onu əldə edir.
Bizdə olan məlumata görə, Slovakiyada Polşanın neft emalı zavodu var və bu neft emalı zavoduna da o cümlədən keyfiyyətli neft məhsulları çatdıran ölkələrdən biri də Azərbaycandır. Qaz məsələsinə gəldikdə isə biz bilirik ki, bu gün Azərbaycanın əsas hədəfi Cənub Qaz Dəhlizidir. Bu dəhliz vasitəsilə də İtaliyayadək Azərbaycan resursları nəql edilir. Ancaq eyni zamanda, uzun illərdir ki, Avropa İttifaqı daxilində energetika sahəsində ölkələri bir-biri ilə bağlantını – interkonnektorlar şəbəkələrinin yaradılması, mövcudlarının genişləndirilməsi məsələsi gündəlikdədir. Belə olduğu halda, əslində, gələcəkdə istisna olunmur ki, Azərbaycandan İtaliyaya, növbəti marşrutlar üzərində verilə biləcək resurslar bu interkonnektorlar şəbəkələri vasitəsilə Avropanın digər ölkələrinə də çatdırıla bilər. Bu gələcəyə bağlı olan bir inkişafdır.
- Hazırda Azərbaycan və Polşa əlaqələrini daha da genişləndirmək üçün Azərbaycan Səfirliyi hansı işləri görür?
- İlk növbədə Azərbaycanın xaricdə təbliğ edilməsi bizim bir nömrəli prioritetimizdir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət bölgədə Azərbaycanın sülh quruculuğundakı rolu, ölkəmizin yeni vəziyyətdə təkcə öz iqtisadiyyatına deyil, bütün bölgəni inkişafına verə biləcəyi və hazırda uğurla verdiyi töhfənin Polşa auditoriyasına çatdırılması bizim fəaliyyətimizin prioritetlərindəndir.
Digər tərəfdən, Polşanın da Azərbaycanda tanıdılması işini Polşanın ölkəmizdəki səfirliyi peşəkarcasına aparır. Bu ilin ikinci yarısında ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi nəzərdə tutulur. Bu da çox önəmli imkandır ki, konkret olaraq müxtəlif istiqamətlərdə artıq hər iki tərəfi maraqlandıran əməkdaşlıq məsələri müzakirə olunsun. Hazırda Azərbaycana, xüsusən də ölkəmizin işğaldan azad edilmiş əraziələrinə yatırım etmək istəyən Polşalı iş adamları maraq göstərir.
- Siz polşalı iş adamlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq maraqlarının olduğunu vurğuladınız. Polşalı iş adamları tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə bununla bağlı hər hansı müraciətlər olubmu?
- Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub və olmaqda da davam edir. Bu çox önəmli bir məqamdır. Bu səbəbdən də iki ölkə arasında strateji tərəfdaşlıq çox önəmlidir. Biz hər iki tərəf bir-birinin strateji maraqlarına hörmət etməklə bu əməkdaşlığı qururuq. Digər tərəfdən, təbii ki, torpaqlarımızın işğaldan azad olunması yeni imkanlar yaradır. Bu imkanları biz Polşada təbliğ edirik. Artıq bir neçə şirkət var ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yatrım etmək üçün maraqlarını ifadə ediblər. Biz bunu Azərbaycanın aidiyyəti qurumlarına göndərmişik və hazırda dəyərləndimə prosesi gedir.
İT sektoru, logistika, nəqliyyat, kənd təsərrüfatının emalı, infrastrukturun yaradılması və qurulması sahəsində Polşa Mərkəzi-Şərqi Avropa ölkələri sırasında öncül yerləri tutur. Həmin şirkətlər tərəfindən təklif olunan xidmət və əmtəələr keyfiyyət və qiymət mütənasibliyi baxımından Azərbaycan tərəfi üçün maraqlı ola bilər.
- Nərgiz xanım, Azərbaycanın Polşadakı səfirliyi Azərbaycanın turizm potensialının təqdim edilməsi ilə bağlı hansı işlər görür?
- Pandemiya səbəbindən bir müddət Polşada heç ictimai tədbirlər keçirilməmişdir, lakin bu ilin ikinci yarısından turizm sahəsində sərgilər təşkil olunacaq. Hazırda Varşavada kitab sərgisi davam edir. Polyak dilinə tərcümə olunmuş məşhur azərbaycanlılar haqqında kitablar, Polşa-Azərbaycan münasibətlərinin tarixi haqqında kitablar bu sərgidə nümayiş olunur. Bölgələrdə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Son iki həftədə orada keçirilən konfranslarda, forumlarda iştirak etmişəm. Bu kimi tədbirlərdə Azərbaycanın mətbəxini tanıdır, ölkəmiz haqqında məruzələrlə çıxışlar edirik.
Polşalıların Azərbaycandakı mirasını göstərməklə, Azərbaycanın möhtəşəm memarlıq abidələrini göstərmiş oluruq. Yəni bölgələrə səfərlər etmək, müsahibələr vermək, Azərbaycanla maraqlanan insanların verdikləri hər hansı suallara vaxtında və yerində cavablandırmaq və təbii ki, sosial media ilə işləmək vacibdir.
Bu gün sosial şəbəkələr çox önəmlidir. Mənim özümün də ayrıca istər “Facebook”, istərsə də “Twitter”də səhifəm var, fəal olmağa və oradan Azərbaycan haqqında məlumatları çatdırmağa çalışıram. Eyni zamanda qeyd edim ki, təkcə polşalı jurnalistlər üçün deyil, həmçinin azərbaycanlı jurnalistlər üçün də səfirlik hər zaman əməkdaşlığa hazırdır. KİV nümayəndələrinin ölkələrimiz arasında əməkdaşlığa dair sorğu və ya təkliflərinin olacağı təqdirdə, həmçinin Polşanın media qurumları ilə əlaqələrin qurulması məsələlərində də səfirlik hər zaman dəstək göstərməyə hazırdır.