Nazir müavini: "Yaradıcı sənaye sektorunda fəaliyyət göstərənlərə dəstək davam edəcək"

Nazir müavini: "Yaradıcı sənaye sektorunda fəaliyyət göstərənlərə dəstək davam edəcək" Qarşıdakı dövrlərdə Azərbaycanda mədəniyyət və yaradıcı sənaye sektorunda fəaliyyət göstərən sahibkarların biliklərə, bazarlara, maliyyə və digər dəstək resurslarına çıxışının genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Biznes
20 Sentyabr , 2022 14:09
Nazir müavini: Yaradıcı sənaye sektorunda fəaliyyət göstərənlərə dəstək davam edəcək
Elnur Əliyev

Qarşıdakı dövrlərdə Azərbaycanda mədəniyyət və yaradıcı sənaye sektorunda fəaliyyət göstərən sahibkarların biliklərə, bazarlara, maliyyə və digər dəstək resurslarına çıxışının genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik Konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətinin inkişafının dəstəklənməsi İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin prioritet istiqamətlərindəndir: "Bununla əlaqədar Fond tərəfindən son 5 il ərzində dülgərlik, misgərlik, misdən qab və müxtəlif məhsulların istehsalı, keramika və taxtadan yaradıcı əl işlərinin hazırlanması üzrə 5 layihəyə güzəştli kredit verilib. Bununla yanaşı, KOB İnkişaf Mərkəzlərində sahibkarlara, startaplara və biznes fəaliyyətinə başlamaq istəyən şəxslərə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir. Kiçik və orta biznes təşəbbüslərinin dəstəklənməsi, maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Qrant Proqramı həyata keçirilir. Proqram çərçivəsində qalib layihələrin 20 000 manatadək olan hissəsi maliyyələşdirilir. Qaliblər sırasında innovativ və yaradıcı təşəbbüslərə əsaslanan layihələr də vardır. Bununla yanaşı, innovativ təşəbbüslərə əsaslanan və yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşmasını ehtiva edən biznes subyektlərinə “Startap şəhadətnaməsi” verilir ki, bu sənəd sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir".

Nazir müavini əlavə edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq edilmiş 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafı Strategiyasında “Mədəniyyət və Yaradıcı Sənayelərin dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” əsas istiqamətlərdən biri kimi müəyyən olunub.

O əlavə edib ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 % artımı hədəflənir: "Bununla yanaşı, mədəniyyət və yaradıcı sənayelərin ÜDM-də payının hər il 10 %, bu sahə ilə məşğul olan müəssisələrin sayının hər il 5 %, əlaqəli məhsul və xidmətlərin ixracının hər il 10 % artması kimi hədəflər müəyyənləşdirilib. Eyni zamanda, bilik və bacarıqların yüksəldilməsi məqsədilə mədəniyyət və yaradıcı sahələri üzrə sertifikatlı təhsil və təlim proqramlarının tətbiqi, xaricdə təhsil üçün xüsusi təqaüd proqramının həyata keçirilməsi, tədris mərkəzinin yaradılması, regional və qlobal əməkdaşlıq platformalarında iştirakçıların sayının hər il 10 % artırılması məqsədiə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi