Müştəriyə "Menyumuz yoxdur, ürəyin nə istəyir gətirək" demək olarmı? - RƏY

Müştəriyə "Menyumuz yoxdur, ürəyin nə istəyir gətirək" demək olarmı? - RƏY Azərbaycanda turizm mövsümünün gəlməsi ilə ictimai iaşə obyektlərində vətəndaşlara göstərilən xidmətin səviyyəsi mövzusu yenidən aktuallaşıb
Biznes
9 İyul , 2021 16:02
Müştəriyə Menyumuz yoxdur, ürəyin nə istəyir gətirək demək olarmı? - RƏY

Azərbaycanda turizm mövsümünün gəlməsi ilə ictimai iaşə obyektlərində vətəndaşlara göstərilən xidmətin səviyyəsi mövzusu yenidən aktuallaşıb. Bu baxımdan müxtəlif restoran və kafelərdə müştərilərə menyu təqdim edilib-edilməməsi xüsusi maraq doğurur. Təcrübə göstərir ki, açıq məkanlarda fəaliyyət göstərən bir sıra obyektlər ya vətəndaşlara menyu təqdim etmir, ya tam menyu təqdim etmir, ya da menyuda göstəriləndən çox haqq alırlar. Bu da istər-istəməz narazılıq doğurur.

"Report" məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, ictimai iaşə obyektlərində menyunun olması mütləqdir, lakin onun necə tərtib olunması da önəmlidir.

Məsələn, menyu ən azı Azərbaycan dilində olmalıdır, lakin digər dillərdə də ola bilər. Yəni, bu, qanunla qadağan edilmir. Bundan başqa, menyuda xidmətlərin tam siyahısı və qiymətləri, təklif olunan hər bir yeməyin tərkibi, yəni hazırlanmasında istifadə olunan məhsulların adları, spirtli və sərinləşdirici içkilərin həcmi (miqdarı) göstərilməlidir.

Bəs menyuda aldanmamaq üçün nə etməliyik və nəyi mütləq bilməliyik? Bu suala da Dövlət Xidməti aydınlıq gətirib: “İstehlakçı menyuda göstərilən miqdara açıq-aşkar uyğun gəlməyən məhsulun miqdarının artırılmasınə tələb etmək və yaxud ümumiyyətlə həmin maldan imtina etmək hüququna malikdir. Həmçinin, istehlakçıya yeməyin çəkisini müəyyən etməsi üçün şərait yaratmaq sahibkarın vəzifəsidir. Bəzən menyularda göstərilməyən xidmətlərə görə əlavə ödənişlər kassa çeklərində öz əksini tapır ki, bu da istehlakçının aldadılması, hüquqlarının pozulmasıdır. Xidmət haqqına görə menyuda göstərilmədən hər hansı faizin tutulması və yaxud menyuda qeyd edilmədən musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır”.

Bir sözlə, ictimai iaşə obyektində sizə “Menyumuz yoxdur, ürəyin nə istəyir gətirək” və yaxud “Menyuya əlavə etməmişik, amma qəşəng mövsümi salatımız var” deyə müraciət etsələr, deməli istehlakçı hüquqlarınız pozulur. Buna görə isə restoran və kafe həm qanun, həm də vicdanları qarşısında məsuliyyət daşımalı olacaq.

Yeri gəlmişkən, istehlakçı hüququnuz pozularsa, yazılı şəkildə və yaxud (12) 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi