“Bu gün dövlətlər və dövlət qurumları, təşkilatlar arasında bir sıra sazişlərin imzalanması nəzərdə tutulur və bu, Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da genişləndirəcək”.
“Report” xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu sazişlərin nəticəsində da Türkiyə bazarına daxil olan məhsullarımız, Azərbaycan bazarına daxil olan türk məhsullarının sertifikatlaşma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması nəzərdə tutulur. Həmçinin bildiyiniz kimi bu il mart ayının 1-dən iki ölkə arasında güzəştli ticarət yəni preferensial ticarət sazişinin icrası başlanır. İnanırıq ki, bu da öz növbəsində ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Azərbaycan-Türkiyə biznes forum çərçivəsində nəqliyyat-loqistika, rəqəmsal iqtisadiyyat, birgə sərmayələrin yatırılması, hər iki ölkə ərazisində yeni layihələrin, xüsusilə də kənd təsərrüfatı və tekstil kimi sahələrdə həyata keçirilməsi imkanları əsas müzakirə olunan mövzular arasında idi”.
Nazir həmçinin ötən gün imzalanan sazişlərin mahiyyətinə də toxunub:
“Bildiyiniz kimi dünən Azərbaycanla Türkiyə iş adamları arasında dövlət rəsmilərinin, nümayəndə heyətlərinin iştirakı ilə geniş “Biznes Forum” keçirilmiş və bu biznes forumda ilkin danışıqlar və həyata keçirilən işlərin nəticəsi olaraq iqtisadi sahədə bir sıra mühüm müqavilələr imzalanıb. Bunlar müxtəlif sahələri əhatə edir, həm dağ-mədən sahəsində fəaliyyətlə bağlı, həm tekstil, həm nəqliyyat, hər iki ölkələrə qarşılıqlı layihələrin həyata keçirilməsi və sərmayələrin qoyuluşu.
Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında hər zaman olan dostluq və qardaşlıq münasibətləri və əlaqələri hal-hazırda yüksələn xətlə davam edir. Dövlət başçımızın siyasətinin nəticəsi olaraq, şanlı Qarabağ zəfərimizin nəticəsi olaraq bölgədə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrin, nəqliyyat qovşaqlarının müxtəlif formatlarda - üçtərəfli formatda, 3+3 formulaya əsasən həyata keçirilən birgə əməkdaşlıq layihələri iqtisadi subyektləri üçün də, şirkətlər və iş adamları üçün də geniş imkanlar açır”, - nazir əlavə edib.