“Lamborghini” şirkəti 2024-cü ilədək hibrid və elektrik avtomobillər istehsalına keçəcəyini bildirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünənki açıqlamada şirkət bu proqrama 1,5 milyard avro vəsait yatırdığını bildirib.
Belə ki, hazırda istehsal olunan “Huracan” və “Aventador” idman avtomobilləri, “Urus” SUV-si sözügedən müddət ərzində hibrid olmalı, 2030-cu ilədək isə tam elektrik modelin istehsalına başlanmalıdır.
“Lamborghini” prezidenti Stefan Uinkelman (Stephan Winkelmann) elektrikləşmə planının şirkəti daha dayanıqlı gələcəyə doğru aparacağını deyib. O, “köklərimizə daima bağlı qalacağıq” sözlərini fikirlərinə əlavə edib. Şirkət rəhbəri gələcək elektrik modelin dörd nəfərlik, iki qapılı olacağını da qeyd edib.
“Brendimizin tarixində ən böyük sərmayə planı ilə dəstəklənən bugünkü bəyanat bizim mükəmməl məhsul yaratmaqla bağlı dərin fədakarlığımızı daha da gücləndirir”- deyə şirkət rəhbəri vurğulayıb.
Qeyd edək ki, “Lamborghini”-nin əsas rəqibi “Ferrari” ilk elektrik modelini 2025-ci ilədək ərsəyə gətirəcəyini açıqlamışdı.