İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların "yaşıl iqtisadiyyat"da və iqlim dəyişikliyi ilə mübarizə məsələlərində rolunun artırılması üçün qlobal təşəbbüslə çıxış edib.
"Report" xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"KOB-ların "yaşıl biznes" proseslərini tətbiq etməsi onların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli rola malikdir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində müxtəlif dövlət və özəl sektor nümayəndələri ilə birgə "yaşıl biznes"in təşviqi üzrə fəaliyyət həyata keçiririk. Qısamüddətli hədəflərimizdən biri həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq "yaşıl biznes", eləcə də ESG standartlarının hazırlanmasıdır", - deyə o qeyd edib.