İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Serbiyanın İnkişaf Agentliyi (RAS) arasında əməkdaşlıq imkanları müzakirə olunub.
"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və RAS-ın direktoru Rados Qazdiç arasında onlayn görüş keçirilib. Görüşdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulanıb.
KOB-lara göstərilən dəstək və xidmətlərlə bağlı təcrübə mübadiləsinə, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə, biznes missiyaların təşkilinə, birgə əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə KOBİA-nın fəaliyyəti və sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə də məlumat verilib.