KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Biznes
12 Avqust , 2021 11:27
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Müşahidə Şurasının sədri, nazir Mikayıl Cabbarovun rəhbərliyi, Şurada təmsil olunan dövlət qurumlarının və KOBİA-nn nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda Agentliyin 2020-ci il və 2021-ci ilin I yarısındakı fəaliyyəti müzakirə edilib.

İclasda vurğulanıb ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi dövlət başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. KOB-ların (kiçik və orta biznesin) inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində də qarşıya hədəf kimi qoyulub.

Tədbirdə pandemiyanın milli iqtisadiyyata, o cümlədən KOB-lara göstərdiyi təsir barədə məlumat verilib, dövlətin həyata keçirdiyi çoxşaxəli tədbirlər nəticəsində bu təsirlərin minimallaşdırıldığı, biznesin tədricən öz əvvəlki iqtisadi fəallığını bərpa etdiyi diqqətə çatdırılıb.

2020-ci ildə Prrezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını şərtləndirib. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətləri ilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaq.

Nazir rəqabətədavamlı KOB subyektlərinin formalaşdırılmasının, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2020-ci ildə və 2021-ci ilin birinci yarısında Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, yeni təşviq mexanizmləri barədə məlumat verib.

Tədbirdə bildirilib ki, hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir, sahibkarlar Xaçmaz və Yevlaxda yaradılmış KOB evlərində 150-yə qədər dövlət-biznes və 100-ə qədər biznes-biznes xidmətlərindən yararlanırlar.

İclasda KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi