İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyə qədər 400-dən çox şəxsin özünüməşğulluq proqramına qoşulmasına dəstək verib.
“Report”un məlumatına görə, bunu qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün onlar Agentliyin dəstəyi ilə təlimlərə cəlb olunur: “Agentlik əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərib. “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə səmərəli əməkdaşlıq edirik”.
O. Məmmədov qeyd edib ki, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu” çərçivəsində KOBİA-nın çağırışına qoşulan 190 sahibkarlıq subyekti 345 vakant iş yeri təqdim edib: “Artıq 38 sahibkarlıq subyekti 73 nəfəri işlə təmin edib”.
Sədr xeyirxah aksiyaya dəstək göstərən bütün sahibkarlara təşəkkür edib, eləcə də sosial sahibkarlığın inkişafı və bu sahədə müvafiq qurumlarla əməkdaşlığa dair müxtəlif təkliflər səsləndirib.
“Əlil Sahibkarlar Təşkilatı”nın sədri Mirzə Məmməd Vəliyev çıxışında sosial sahibkarlıq sahəsində mövcud vəziyyət, həssa kateqoriyadan olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğı, görülən tədbirlər nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların aktiv məşğulluğa cəlb edilməsi tədbirləri, əlilliyi olan şəxslərin əldə etdikləri nailiyyətlər barədə fikirlərini və təkliflərini bölüşüb.
Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum KOBİA, eləcə də Agentlik yanında İctimai Şura, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Əlil Sahibkarlar Təşkilatı”nın tərəfdaşlığı ilə keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının və ictimai birliklərin nümayəndələri, sosial sahibkarlıqla məşğul olan və ya biznes fəaliyyətinə maraq göstərən Vətən müharibəsi qaziləri və əlilliyi olan şəxslər iştirak ediblər.
Forumda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edib.
Forum çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi də təşkil olunub.