Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri ABŞ-da səfərdə olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri ABŞ-da səfərdə olub Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri başa çatıb.
Biznes
6 Avqust , 2018 12:24
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri ABŞ-da səfərdə olub

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri başa çatıb.

"Report" xəbər verir ki, səfər çərçivəsində O.Məmmədov Xarici Özəl Sərmayələr Korporasiyasında, Dünya Bankında, Kiçik Biznes Administrasiyasında, Ticarət Nazirliyində və ABŞ Ticarət Palatasında görüşlər keçirib.

Xarici Özəl Sərmayələr Korporasiyasında keçirilən görüş zamanı qurumun Beynəlxalq layihələrin maliyyələşməsi üzrə direktoru Con Diduk xarici ölkələrdə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib, Azərbaycanın bu sahədə böyük potensialının olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatlar çərçivəsində biznes sektorunun xüsusi inkişafını qeyd edən Orxan Məmmədov, öz növbəsində, yeni yaradılan agentliyin də bu islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, biznes mühitinin inkişafı Azərbaycan Prezidentinin xüsusi diqqətindədir və bu sahədə ölkə başçısının təşəbbüsü ilə qanunvericilik islahatları da mühüm yer tutur.

Görüşün sonunda Xarici Özəl Sərmayələr Korporasiyası tərəfindən Azərbaycanda KOB Klasterlərinin qurulması zamanı iştirak etmək niyyətində olacaqları zaman onlara dəstəyin göstəriləcəyi bildirilib.

Dünya Bankında keçirilən görüşdə həmin qurumu təmsil edən Strateji təşəbbüslər bölməsinin rəhbəri, əslən azərbaycanlı olan Samir Süleymanov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə kiçik və orta biznes subyektlərinin (KOB) səmərəli fəaliyyəti üçün əlverişli imkanların yarandığını qeyd edib və növbəti mərhələlərdə Dünya Bankı tərəfindən Azərbaycan üçün bu sahədə bir sıra müvafiq proqramların həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə iştirak etmiş Beynəlxalq Maliyyə Korporasiyası, Maliyyə, Rəqabətlilik və İnnovasiyalar üzrə Qlobal Təcrübə, Sosial Müdafiə və Məşğulluq üzrə Qlobal Təcrübə, İnkişafa Təsirin Qiymətləndirməsi Təşəbbüsü, Ödənişli Məsləhət Xidmətləri Bölməsinin səlahiyyətli təmsilçiləri KOBİA ilə birgə layihələrin reallaşdırılmasının KOB-lar üçün faydalı olacağını bildiriblər.

Agentliyin sədri Orxan Məmmədov ölkədə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını və həmin qurumların bir sıra əhəmiyyətli, o cümlədən infrastruktur, təhsil və digər sahələrdə uğurla təmsil olunduqlarını qeyd edib. O.Məmmədov gələcəkdə KOBİA ilə Dünya Bankı arasında kiçik və orta sahibkarlığı dəstəkləyəcək yeni birgə layihələrin həyata keçirilməsinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda Dünya Bankının səlahiyyətli rəsmisi KOBİA tərəfindən edilən təqdimat əsasında müvafiq təkliflərin hazırlanıb təqdim ediləcəyini vurğulayıb. 

Kiçik Biznes Administrasiyasında keçirilən görüşdə administrasiya rəhbərinin müavini Peter Kazamias ABŞ-da KOB-lara dövlət dəstəyi barədə ümumi xəbər verib, administrasiyanın rəsmisi Eujen Kornelius isə Kiçik Biznes Administrasiyasının fəaliyyətini ətraflı işıqlandırılmasına və xarici əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verildiyini deyib.

Agentlik sədri Orxan Məmmədov tərəfindən ölkə rəhbərliyinin müvafiq qayğısı nəticəsində KOB sektorunun inkişafı, KOBİA-nın gələcək planları və fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, qarşı tərəfi maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün yekunu olaraq Kiçik Biznes Administrasiyası tərəfindən KOBİA-nın “brain mapping”inin hazırlanmasına maraq göstərilib və əməkdaşlıq məqsədi ilə ABŞ-ın kiçik biznesinin Azərbaycanda faliyyəti və Azərbaycan KOB-larının ABŞ bazarına çıxışının asanlaşdırılması üçün dəstəklənməsinə söz verilib.

ABŞ-ın Ticarət Nazirliyində keçirilən görüş zamanı Beynəxalq Ticarət Departamentinin direktoru Metyu Edvards KOBİA-nın yaradılmasını yüksək qiymətləndirib və Azərbaycanda bunun KOB-lara müsbət təsir edəcəyini söyləyib. 

O.Məmmədov ABŞ-ın Ticarət Nazirliyi ilə KOBİA arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini qeyd edərək nazirlik tərəfindən həyata keçirilən "Special American Business Internship Training" proqramının əhatə etdiyi ölkələr, o cümlədən Azərbaycan üçün də peşəkar kadrların hazırlanması baxımından faydalı olduğu bildirilib.

ABŞ Ticarət Palatasında təşkil olunmuş görüş çərçivəsində Palatanın Qlobal təşəbbüslər üzrə vitse-prezidenti Qarri Litman qonaqlara qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə uğurlu əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edib.

Agentlik sədri O.Məmmədov ABŞ Ticarət Palatasının (AMCHAM) Azərbaycanda fəaliyyətinin çox səmərəli olduğunu, işgüzar dairələrin bir çox nümayəndəsini, habelə Azərbaycanın bir sıra şirkətlərini əhatə etdiyi üçün KOBİA ilə AMCHAM arasında əməkdaşlığın yaradılmasına böyük önəm verdiyini qeyd edib. O həmçinin gələcəkdə qarşılıqlı biznes missiyalarının təşkili istiqamətində birgə addımların atılmasının da zəruriliyini vurğulayıb.

Ümumilikdə, görüşlər çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri, Azərbaycanda birgə əməkdaşlıq formatında layihələrin həyata keçirilməsi, o cümlədən qabaqcıl texnologiyaların transferi, innovasiyalar, birgə bazar araşdırmaları, texniki yardım, birgə layihələrin maliyyələşdirilməsi, qarşılıqlı biznes missiyalarının təşkili, KOB İnkişaf Fondları çərçivəsində əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi