İstanbulda "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 25-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.
"Report" un yerli bürosu xəbər verir ki, tədbirdə onlarla ölkədən dövlət və hökumət başçıları, iqtisadçılar, elm, iş və incəsənət adamları, siyasi-ictimai xadimlər, müxtəlif səviyyəli fikir və düşüncə mərkəzlərinin rəhbərləri, habelə beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir.
Zirvədə "Enerji və energetika siyasəti", "Miqrasiya problemləri və post-pandemiya iqtisadiyyatı", "İqlim dəyişikliyi və qida təhlükəsizliyi" "Qlobal iqtisadiyyatın qarşılaşdığı risklər", "Pandemiya və Rusiya-Ukrayna müharibəsinin sülhə yaratdığı təhlükələr" və "Rəqəmsal dünyaya doğru" kimi bir çox əhəmiyyətli mövzular ətrafında ikitərəfli və panel müzakirələri aparılır.
Qeyd edək ki, Zirvədə Azərbaycan da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Belə ki, bu ilki Avrasiya İqtisadi Zirvəsində ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, energetika nazirinin müavini Samir Vəliyev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun hüquq üzrə meneceri Elşən Rəhman təmsil edir.