İsrail şirkətləri azad edilmiş ərazilərin potensialını araşdırmaq istəyir

Biznes
  • 15 fevral, 2023
  • 14:13
İsrail şirkətləri azad edilmiş ərazilərin potensialını araşdırmaq istəyir

Azərbaycan və İsrail şirkətləri kənd təsərrüfatı və su təmizlənməsi sahələrində layihələrin icrası ilə bağlı müqavilələr imzalayacaqlar.

Bunu “Report”a İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun deyib.

A.Kaplun deyib ki, bir neçə İsrail şirkəti Qarabağda layihə icra etmək üçün artıq müqavilə imzalayıb: “Bu layihələr əsasən, kənd təsərrüfatı, infrastruktur və su təminatı ilə bağlı layihələrdir. Bilirəm ki, çoxlu İsrail şirkətləri Qarabağa səfər etmək və potensialı araşdırmaq üçün səbirsizlənirlər, hətta İsrail-Azərbaycan innovasiya forumunda iştirak edən şirkətlər də Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərə bilərlər”.

A.Kaplun Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsini yüksək giymətləndirib, lakin belə göstəricinin əsasən dövlətlərarası əməkdaşlıq hesabına əldə olunmasını bildirib: "Biz özəl sektorda ticarət dövriyyəsini daha yüksək olmasını gözləyirik. Bu gün bunun yüksək olmamasının bir sıra səbəbləri var, ən birincisi isə koronavirus pandemiyasıdır. İnanıram ki, bu il Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi artacaq

Ölkələrimiz arasında son aylarda bir neçə müqavilələr imzalanıb. Bu müqavilələr azad edilmiş ərazilərdə reallaşdırılacaq layihələrlə, həmçinin Ələt Azad İqtisadi Zona ilə bağlıdır”.

Xatırladaq ki, Azərbaycanla İsrail arasında 2022-ci ildə ticarət dövriyyəsi 1 milyard 718,4 milyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 85 % çoxdur.