İspaniya Azərbaycana dondurulmuş mal əti ixracını bərpa edib
- 20 iyun, 2022
- 05:38
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 2,94 milyon ABŞ dolları dəyərində 624,6 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 59,3 %, kəmiyyət olaraq – 67,4 % azdır.
Hesabat dövründə Ukraynadan 1,934 milyon ABŞ dolları dəyərində 405 ton, Braziliyadan 363,38 min ABŞ dolları dəyərində 88,01 ton, Hindistandan 356,43 min ABŞ dolları dəyərində 111,98 ton, Rusiyadan 152,08 min ABŞ dolları dəyərində 10,09 ton, Belarusdan 54,45 min ABŞ dolları dəyərində 4,82 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 67,4 % və 72,6 % azalıb, Braziliyadan – 3 dəfə və 3,7 dəfə artıb, Hindistandan – 66,8 % və 70,8 % azalıb, Rusiyadan – 4,8 dəfə və 3,3 dəfə artıb. Ötən ilin ilk 4 ayı ərzində Belarusdan dondurulmuş mal əti alınmayıb.
İki il 1 aylıq fasilənin ardından İspaniyadan tədarük bərpa edilib. Bu ölkədən 8,1 min ABŞ dolları dəyərində 1 ton məhsul gətirilib.
Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycanın xaricdən (13 ölkə) aldığı 4,45 min ton dondurulmuş mal ətinin 80 %-i Ukraynanın payına düşüb. Bu ilin martında həmin ölkədən 20 ton dondurulmuş mal əti alınıb ki, bu da əvvəlki ayla müqayisədə 6 dəfə azdır. Apreldə isə ümumiyyətlə tədarük olmayıb.