Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımlarının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında monitorinqləri intensivləşdirib.
Bu barədə “Report”a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumatda deyilir ki, monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.
Monitorinq zamanı həmçinin maarifləndirmə işləri də aparılaraq sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehsalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması, müştəri məmuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.
Əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcək.