İqtisadiyyat Nazirliyi indiyə qədər 17 minə yaxın lisenziya verib

İqtisadiyyat Nazirliyi indiyə qədər 17 minə yaxın lisenziya verib Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 1 848, indiyə qədər isə 16 936 lisenziya verib.
Biznes
5 Dekabr , 2024 14:02
İqtisadiyyat Nazirliyi indiyə qədər 17 minə yaxın lisenziya verib

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 1 848, indiyə qədər isə 16 936 lisenziya verib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, 11 ay ərzində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 1 263 elektron lisenziya təqdim olunub. “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər portal vasitəsilə 5800-ə yaxın elektron lisenziya verilib.

Ümumilikdə verilmiş lisenziyaların 27 %-i (4 561) əczaçılıq fəaliyyəti, 22 %-i (3 787) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13 %-i (2 173) özəl tibb fəaliyyəti, 6 %-i (1 081) tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6 %-i (959) rabitə xidmətləri (əsasən sürətli poçt), 26 %-i isə (4375) digər fəaliyyət növləri üzrə olub.

Hazırda nazirlik 23 sahibkarlıq fəaliyyəti növü (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) üzrə lisenziya verir. Lisenziya almaq üçün sahibkar hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın surəti, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə olunur.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 % güzəşt edilir.

Son xəbərlər

Orphus sistemi