Azərbaycanda karbon qiymətləndirilməsinin biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
“Karbon qiymətləndirilməsi prosesində kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyllərini dəstəkləməklə və bu sahədə toplanan vəsaitlərin, karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak planlaşdırılır. Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək", - deyə o qeyd edib.
"Vergi siyasətimiz iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiya"lardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. Dövlət Vergi Xidməti ekoloji və “yaşıl vergi"lərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır. Azərbaycanın "yaşıl kecid" uçün həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır. Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələrin ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz bu prosesə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik", - deyə nazir əlavə edib.