İqtisadiyyat naziri: "BƏƏ investorlarını Azərbaycanda layihələrini genişləndirməyə təşviq edirik" - MÜSAHİBƏ

İqtisadiyyat naziri: "BƏƏ investorlarını Azərbaycanda layihələrini genişləndirməyə təşviq edirik" - MÜSAHİBƏ Ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Biznes
28 İyun , 2021 14:22
İqtisadiyyat naziri: BƏƏ investorlarını Azərbaycanda layihələrini genişləndirməyə təşviq edirik - MÜSAHİBƏ
Abdulla Bin Touq Al Marri

Ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycanla BƏƏ arasında olan mövcud əməkdaşlıq və bu əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə bağlı “Report”a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan və BƏƏ arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- BƏƏ ilə Azərbaycan keçmişdən bəri inkişaf hədəflərini dəstəkləyən güclü, ikitərəfli münasibətlərə malikdirlər. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlər möhkəmdir və ümumi maraqlarla məhdudlaşmır, eyni zamanda tarixi və bəşəri ölçülərlə səciyyələnir. İki ölkə arasındakı iqtisadi və ticarət münasibətləri həddindən çox məhsuldardır və müsbətdir. Münasibətlərimiz iki ölkənin qəbul etdiyi ortaq iqtisadi baxışların və gələcək inkişaf strategiyalarının güclü təməlləri üzərində qurulub.

İki tərəf arasında mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək və iki dost ölkənin real imkanlarını əks etdirən səviyyələrə qaldırmaq üçün hazırda çoxsaylı ticarət və investisiya imkanları mövcuddur. Həmçinin, Azərbaycan Dubayın “Expo 2020” sərgisinə ev sahibliyi etmək təklifini ilk dəstəkləyənlərdən biri olub. Bu gün Azərbaycan özünəməxsus iqlimi, təhlükəsizlik mühiti, yüksək səviyyəli qonaqpərvərlik sektoru və ölkəyə coğrafi yaxınlığı ilə BƏƏ üçün səyahət, turizm, iş və təhsil sahələrində üstünlük verilən bir ölkəyə çevrilib. Bununla yanaşı, biz BƏƏ investorlarını Azərbaycandakı layihələrə investisiya yatırmağa dəvət edirik. Eyni zamanda, BƏƏ investorlarını və şirkətlərini Azərbaycanda investisiya və layihələrini genişləndirməyə təşviq edirik.

BƏƏ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin sürətli inkişafına şahidlik edirik. Növbəti mərhələdə daha geniş üfüqləri əhatə etmək üçün, əməkdaşlıq səviyyələrini yüksəltməklə bağlı daha çox fürsət görürük. BƏƏ və Azərbaycan qarşılıqlı əlaqələri inkişaf etdirməyə və əməkdaşlıq sahələrini genişləndirməyə eyni dərəcədə sadiqdir. Azərbaycanın Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında hazırda ən böyük ticarət tərəfdaşı BƏƏ-dir. 2019-cu ilin statistik göstəricilərinə əsasən Azərbaycana gələn turistlərin sayına görə BƏƏ 6-cı yerdə qərarlaşıb. Hər iki tərəf investisiya imkanlarını müəyyən etmək, ticarət və biznes əlaqələrini inkişaf etdirmək üçün birgə təşəbbüslər göstərməkdə istəklidir.

Abdulla Bin Touq Al Marri
Abdulla Bin Touq Al Marri

- Koronavirus pandemiyası ölkələr arasındakı münasibətlərə necə təsir göstərib? Pandemiyadan sonrakı dövrdə ölkələrarasında iqtisadi münasibətlərin inkişafı üçün hansı işlər görüləcək?

- Hazırda BƏƏ-nin Azərbaycana yatırdığı investisiyaların həcmi 2,2 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın BƏƏ-yə yatırdığı investisiyaların həcmi isə 350 milyon ABŞ dollarından çoxdur. 2019-cu ildə ölkələrarasında ticarət dövriyyəsi 21,3 % artıb. 2019-cu ilin statistik göstəricilərinə görə, Azərbaycanın Körfəz ölkələri ilə ticarət dövriyyəsinin 76 %-i BƏƏ-nin payına düşüb. Bununla yanaşı, BƏƏ Azərbaycanın turizm sektorunun böyüməsində mühüm rol oynayıb.

Dünyanın hər yerində olduğu kimi koronavirus pandemiyası 2020-ci ildə BƏƏ-Azərbaycan əlaqələrinə, xüsusilə də turizm sektoruna təsir göstərib. Lakin biz post-pandemiya dövrü üçün daha nikbinik. Münasibətlərin inkişafı üçün birgə təşəbbüslər göstəriləcək. Həmçinin, müvafiq sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylər göstəriləcək. İki ölkə arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlardakı mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək regional və beynəlxalq səviyyədə bölgədə sülhə, təhlükəsizliyə və inkişafa töhfə verməsi ilə diqqət çəkir. İnanırıq ki, xüsusilə də post-pandemiya dövründə Azərbaycan-Körfəz ölkələri arasında 2017-ci ildə keçirilmiş biznes forumlar kimi təşəbbüslərin davamı Azərbaycan və BƏƏ-nin ortaq iqtisadi və ticarət hədəflərinə çatmaq üçün həyati əhəmiyyətə malikdir.

- Azərbaycan iqtisadiyyatını divesifikasiya etdirir. BƏƏ Azərbaycana bu istiqamətdə necə dəstək ola bilər?

- Azərbaycan güclü iqtisadiyyata və BƏƏ üçün ticarət, investisiya, turizm və iqtisadi əməkdaşlıq fəaliyyətləri üçün əhəmiyyətli bir regional yerə sahibdir. Bundan əlavə, növbəti mərhələdə iki ölkənin bazarlarında layihələrin və qarşılıqlı investisiyaların genişlənməsinə və aydın, koordinasiyalı mexanizmlər vasitəsilə yeni imkanların araşdırılmasının şahidi olacağıq.

Biz tərəfdaşlıq və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edərək cari ticarət və investisiya fəaliyyətlərinin inkişafına təsirli töhfə verilməsilə hər iki ölkədə özəl sektorun təşviq edilməsinə böyük əhəmiyyət veririk. Bundan əlavə, BƏƏ-nin rəqəmsal iqtisadiyyatın dayaqlarını gücləndirmək təcrübəsi və 4-cü Sənaye İnqilabı texnologiyalarının gələcək sektorlara inteqrasiyası Azərbaycanın faydalana biləcəyi sahələrdir. Bu sahələrdə tərəfdaşlığın və ortaq təşəbbüslərin araşdırılması hər iki ölkənin şaxələndirmə səylərinə əhəmiyyətli bir dəyər verə bilər.

Abdulla Bin Touq Al Marri
Abdulla Bin Touq Al Marri

- Azərbaycanla BƏƏ arasında energetika sahəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz? BƏƏ bu sahədə Azərbaycanla əməkdaşlığı genişləndirə bilərmi?

- BƏƏ ilə Azərbaycan əsas neft istehsal edən ölkələrdəndir və neft-qaz sahəsində fəal rol oynayırlar. Neft-qaz hələ də hər iki ölkənin ÜDM-sinə əhəmiyyətli dərəcədə töhfə verir. Azərbaycanla-BƏƏ arasında keçirilmiş Hökumətlərarası Komissiyanın 7-ci iclasında, Azərbaycan və BƏƏ bir neçə həyati sektorda əməkdaşlıq çərçivələrini möhkəmləndirməklə bağlı razılığa gəliblər. Ənənəvi energetika sahəsindən başqa, bura ticarət, investisiya, sahibkarlıq sənayesi, nəqliyyat, bərpa olunan enerji, informasiya və kommunikasiya texnologiyaları, innovasiya, rəqəmsal transformasiya, təhsil, turizm, ərzaq və su təhlükəsizliyi, ətraf mühit, kənd təsərrüfatı sahələri daxildir. BƏƏ Azərbaycanla təkcə energetika sektorunda deyil, digərlərində də əlaqələrimizi gücləndirəcək, daha da inkişaf etdirəcək ortaq iş həyata keçirməyi səbirsizliklə gözləyir.

- Azərbaycanla BƏƏ alternativ enerji sahəsində əməkdaşlığı genişləndirə bilərmi?

- Bu istiqamətdə artıq addımlar atılıb. BƏƏ ilə Azərbaycanın bu sahədə olan qurumları arasında tərəfdaşlıq müqavilələri hazırlanıb və bu da Azərbaycanın bərpa olunan enerji sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Layihə Azərbaycanda 200 meqavat gücündə ilk günəş fotovoltaik elektrik stansiyasının dizaynını, maliyyələşdirilməsini, inşasını və istismarını həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi