İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” idea yarışmasına hazırlaşan startapçılarla növbəti görüş keçirilib.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, yarışma Britaniya Şurasının təşəbbüsü ilə İİTKM və İngiltərənin Nyukastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Görüşdə layihənin ölkə üzrə meneceri Elnur Əliyev açılış nitqi ilə çıxış edərək layihə, onun məqsədləri haqqında məlumat verib. Daha sonra "EnterpriseAzerbaijan" portalının rəhbəri Mətanət Musayeva startapçılara portalın fəaliyyəti və qalib gələn digər layihələr haqqında danışıb. Tədbirdə iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova gənclərə əsas tarixlər, video “pitching”lərin hazırlanma formaları, ideaların düzgün kateqoriya üzrə bölünməsi və üstünlük təşkil edən sahələr haqqında təqdimat edib. Həmçinin, AzMİU-nun Strateji planlaşdırma departamentinin rəhbəri Türkan Əliyeva ideaların ilkin təhlili, mükafat və müsabiqənin şərtlərinə dair izahat verdikdən sonra mentorlar arasında müzakirələr aparılıb.
İİTKM-in könüllülərindən ötən il həmin müsabiqədə “Stork” layihəsi ilə qalib gələn AzMİU-nun tələbəsi Elnur Məmmədov və “Yeni nesil 2.0” müsabiqəsində “Greenbomb” layihəsi ilə qalib gələn Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Kəmalə Məmmədova çıxış edərək startapçılara dəstək olublar.
Sonda tədbirdə iştirak edən 50-dan çox Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, BDU və onlayn qoşulan Gəncə Aqrar Universitetinin tələbəsi, həmçinin İİTKM-in könüllüləri layihə ilə bağlı suallarını ünvanlayıblar.