İslam ölkələrinin Azərbaycanda investisiya layihələri həyata keçirmək potensialı və istəyi böyükdür.
"Report" xəbər verir ki, bunu İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) sədri Abdullah Saleh Kamel jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda mövcud imkanlar, əlverişli iqtisadi mühit investisiya layihələrinin həyata keçirilməsinə imkan verir: "Nəhayət ki, Azərbaycan illər sonra torpaqlarını işğaldan azad etdi. Həmin ərazilərdə də investisiya potensialını görürük və gələcəkdə bu imkanların dəyərləndirilməsi mümkündür".
Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası hazırda 57 üzv ölkə ilə təmsil olunur. Üzv ölkələrin ərazisi 31,8 milyon kvadrat kilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6,2 %-i bu dövlətlərin payına düşür.
Üzv ölkələrin əhalisi 1,9 milyard nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23,8 %-i deməkdir.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon ABŞ dollardan çoxdur. Bu isə qlobal ÜDM-in 9 %-ni təşkil edir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 18 %-i və ya 9.3 milyard ABŞ dolları ICCIA-nın üzv ölkələrinin payına düşür.