Azərbaycandan İtaliyaya qeyri-neft sahəsi üzrə ixrac genişləndiriləcək - VİDEOMÜSAHİBƏ

Azərbaycandan İtaliyaya qeyri-neft sahəsi üzrə ixrac genişləndiriləcək - VİDEOMÜSAHİBƏ Bu il fevralın 20-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İtaliyaya dövlət səfəri baş tutdu. Səfər çərçivəsində bir sıra görüşlər, Azərbaycan-İtaliya biznes forumu keçirildi. Görüşlər çərçivəsində imzalanmış sənədlər sırasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən imza atdığı bir sıra müqavilələr də mövcuddur. İmzalanmış müqavilələrin məqsədi Azərbaycan ilə İtaliya arasında qeyri-neft sektorunun inkişafını təşviq etməkdir. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Reporta sənədlərin və görüşlərdə qəbul edilmiş qərarların icrası ilə bağlı danışdı.
Biznes
29 Fevral , 2020 11:09
Azərbaycandan İtaliyaya qeyri-neft sahəsi üzrə ixrac genişləndiriləcək - VİDEOMÜSAHİBƏ

Bu il fevralın 20-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İtaliyaya dövlət səfəri baş tutdu. Səfər çərçivəsində bir sıra görüşlər, Azərbaycan-İtaliya biznes forumu keçirildi. Görüşlər çərçivəsində imzalanmış sənədlər sırasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən imza atdığı bir sıra müqavilələr də mövcuddur. İmzalanmış müqavilələrin məqsədi Azərbaycan ilə İtaliya arasında qeyri-neft sektorunun inkişafını təşviq etməkdir. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev "Report"a sənədlərin və görüşlərdə qəbul edilmiş qərarların icrası ilə bağlı danışdı.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin İtaliyaya həyata keçirilmiş dövlət səfəri tarixi hadisə idi: “Bu dövlət səfərinin müddəti, səfərin proqramı, səfər çərçivəsində aparılmış ikitərəfli və birgə görüşlər, eyni zamanda səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən imzalanmış sənədlər digər səfərlərdən fərqlənirdi. Avropa İttifaqının ən mühüm oyunçularından olan, Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyada Azərbaycanın bu səviyyədə qarşılanması, ölkələr arasında müfəssəl sənədlərin imzalanması, ümumiyyətlə, səfər çərçivəsində iki ölkə arasında keçirilmiş bütün tədbirlər və görüşlər İtaliya ilə siyasi, ticarət, iqtisadi əlaqələrdə yeni bir mərhələ oldu”.

Azərbaycan İtaliyada bütün enerji daşıyıcıları üzrə tədarükçülər sırasında birinci yeri tutur

Y.Abdullayev qeyd edib ki, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi ötən il 6 mlrd. ABŞ dollarını ötüb: “Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb. Bildiyiniz kimi, Azərbaycandan İtaliyaya əsasən neft məhsulları ixrac edilir. Azərbaycan İtaliyaya 2019-cu ildə 5,6 mlrd. ABŞ dollarından çox məhsul ixrac edib. İtaliyadan isə Azərbaycana 370 mln ABŞ dolları dəyərində məhsullar idxal edilib. Azərbaycan İtaliyada bütün enerji daşıyıcıları üzrə tədarükçülər sırasında birinci yerdədir. İtaliyanın neft məhsullarının idxalında Azərbaycan 17%-lik paya malikdir. Bu rəqəm böyük göstəricidir”.

AZPROMO rəsmisi əlavə edib ki, İtaliyanın Azərbaycanda 100-dən çox şirkəti qeydiyyatdan keçib: “Bu şirkətlər sənaye, tikinti, qida və digər sahələrdə ölkəmizdə uğurla fəaliyyət göstərir. İtaliyanın Azərbaycana investisiya həcmi 770 mln. ABŞ dollarından çox olub, 600 mln. ABŞ dolları neft sahəsinə, 170 mln. ABŞ dolları isə qeyri-neft sahəsinə yatırılıb. Azərbaycanın İtaliyaya investisiya həcmi isə 1,5 mlrd. ABŞ dolları dəyərində olub. Azərbaycan investisiya qoyuluşunda İtaliyanı qabaqlayır”.

“İki ölkə arasında ikitərəfli əlaqələr kifayət qədər geniş sahələri əhatə edir. Ticarət əlaqələri yüksək səviyyədədir. İtaliya ilə prioritet sahələrdən biri ixracın diversifikasıyasıdır, AZPROMO-nun qarşısında duran başlıca vəzifə məhz budur. Prezident İlham Əliyevin iştirakı ilə İtaliyada keçirilmiş biznes forumda, digər tədbirlərdə çıxışlar zamanı verilmiş tapşırıqlardan biri məhz iki ölkə arasında qeyi-neft ixracının artırılması və bu istiqamətdə məhsulların diversifikasiyasıdır. Azərbaycanın İtaliyaya neft məhsullarının ixracı ticarət dövriyyəsində böyük paya malikdir və bunu tez bir zamanda digər məhsullarla əvəz etmək çox çətindir. Amma gələcəkdə bunu əvəz etmək mümkündür və bu istiqamətdə işlər aparılır”, - o vurğulayıb.

Y.Abdullayev Azərbaycan ilə İtaliya arasında biznes forumun uğurla keçirilməsini qeyd edib: “Bu uğurun əsası Azərbaycan Prezidenti İlham Əliyevin biznes forumda geniş çıxışı idi. Həmin çıxışda ölkədə aparılan islahatlar barəsində geniş məlumat verilib, bununla yanaşı, biznes forum çərçivəsində panel çıxışları olub. Panel çıxışları zamanı Azərbaycanda ətraf mühit, logistika, kənd təsərrüfatı, infrastruktur, energetika və digər sahələrdə aparılan islahatlar barəsində müfəssəl məlumatlar verilib. Biznes forumda Azərbaycandan 55, İtaliyadan isə 170-dən çox şirkət, ümumilikdə 200-dən çox şirkət nümayəndələri iştirak etmişdi. Düşünürəm ki, biznes forum çərçivəsində aparılmış bir sıra görüşlər nailiyyətlərin əldə edilməsinə böyük töhfə verəcək”.

Y.Abdullayev deyib ki, İtaliya Azərbaycan fındığının əsas idxalçılarından biridir: “Bu gün Azərbaycan fındıq ixracına görə dünyada üçüncü yeri tutur. Azərbaycan fındığı digər ölkələr üçün ənənəvi bir məhsula çevrilib. Azərbaycan fındığının Avropa İttifaqında əsas alıcısı Almaniya və İtaliyadır. Bununla yanaşı, digər istiqamətlərdə şaxələndirmə məsələsinə baxılacaq. Müvafiq tapşırıqlara uyğun olaraq, bu diversifikasıyanın növbəti illərdə təmin edilməsi üçün lazımi işlər görüləcək. İtaliya ilə Azərbaycan arasında məhz elə bu diversifikasiyanın əldə edilməsi üçün AZPROMO İtaliyada bir sıra təşkilatlarla sazişlər imzalayıb. AZPROMO İtaliya Ticarət Agentliyi (Italian Trade Agency-İCE) ilə Anlaşma Memorandumu, İtaliyanın İxrac Kredit Agentliyi (SIMEST) ilə Tərəfdaşlığa dair Saziş, İtaliyanın “K-BEK SPORT SRL” şirkəti ilə isə Anlaşma Memorandumu imzalayıb. AZPROMO ilə İtaliya Ticarət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, İtaliyadan birbaşa investisiyaların cəlbi, iki ölkə arasında təcrübə və biliklərin mübadiləsi və bizim xidmətlərimizin İtaliya istiqamətində ixracı məsələsi yer alıb. Həmin Memorandum üzrə icra mexanizmləri müəyyənləşib və icraya başlanılıb”.

İtaliya şirkəti Azərbaycan vasitəsilə regiona və Orta Asiya bazarlarına çıxmaq istəyir

Y.Abdullayev hesab edir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə İtaliyanın İxrac Kredit Agentliyi arasında Tərəfdaşlığa dair Saziş böyük əhəmiyyətə malikdir: “Belə ki, SIMEST bir sıra istiqamətlər üzrə maliyyələşməni həyata keçirir. İmzalanmış sənədlə Azərbaycana ixrac həyata keçirmək istəyən İtaliya şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi həmin şirkətlərə AZPROMO-dan baza məlumatlarının verilməsi kimi məsələlərini əks etdirir.

İmzalanmış digər sənəd isə İtaliyada kifayət qədər məşhur olan texniki geyim istehsalçısı olan “K-BEK SPORT SRL” şirkəti ilə Anlaşma Memorandumu idi. Şirkət cari ilin may ayında Azərbaycana gələcək və ölkədə məhsullarının satışı, istehsalın qurulması işlərini həyata keçirəcək. Məqsədləri istehsal edilmiş texniki və qış idman geyimlərinin istehsalını, ilk növbədə, Azərbaycanda və gələcəkdə regionda, Orta Asiya istiqamətində satışının həyata keçirilməsidir. İmzaladığımız hər bir sənədin praktik sahələri əhatə etməsi bizim üçün vacibdir”.

İtaliyada Azərbaycanın Ticarət Evi açılacaq?

Y.Abdullayev İtaliyada Azərbaycanın ticarət evinin açılmasının mümkünlüyü ilə bağlı məsələyə də münasibət bildirib: “Belə bir tələb yaranarsa, ticarət evinin açılması məsələsinə baxıla bilər. Ticarət evinin açılması ilə bağlı sahibkarlar tərəfindən tələb qoyulmalıdır. İtaliyada Azərbaycan məhsullarına böyük həcmdə tələbat varsa, sahibkarlar ticarət evinin açılmasına bir lüzum görürlərsə, bu istiqamətdə addımlar atıla bilər. 

Azərbaycanın İtaliyaya ixracı məsələsinə gəldikdə isə bu, kənd təsərrüfatı və emal məhsulları ola bilər. Həmçinin İtaliyaya xidmətlərimizin ixracı məsələsinə baxıla bilər. Azərbaycandan İtaliyaya ixrac edilə biləcək məhsulların potensialı, təklif etdiyimiz xidmətlərin siyahısı müəyyənləşdiriləcək. Bu istiqamətdə planlar qurulacaq. Əsas məsələlərdən biri AZPROMO və İtaliyanın Ticarət Agentliyinin imzaladığı Memorandum bu bəndləri özündə ehtiva edir. Hər iki tərəfdən ixrac və idxal oluna biləcək potensial məhsulların siyahısı müəyyənləşdiriləcək. Davamlı olaraq bu istiqamətdə işlər aparılacaq”. 

Son xəbərlər

Orphus sistemi