Bakı. 14 iyun. REPORT.AZ/ Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Forumda Azərbaycan tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, infrastruktur, logistika, kənd təsərrüfatı, tibb və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Azərbayanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, Azərbaycanın sənaye parkları, italiyalı iş adamları üçün maraq doğuracaq potensial investisiya layihələri, investorlar üçün təklif edilən güzəştlər barədə məlumat verib.
Biznes forum hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.