Bakı. 1 dekabr. REPORT.AZ/ “Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də sənədlərin imzalanması mərasimindən sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik. “Nəzərə alsaq ki, Prezident və onun həmkarları Əfqanıstanda nəhəng layihələr həyata keçirir və müəyyən planlar da mövcuddur, burada birgə biznes fəaliyyəti üçün böyük potensial var.
Biz bu gün kreditlər, müqavilələr, birgə müəssisələrlə bağlı da müzakirələr apardıq və artıq qeyd etdiyim kimi, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki gündəliyimiz olduqca genişdir. Beləliklə, biz razılığa gəldik ki, müvafiq dövlət qurumları bu məsələlərlə gündəlik qaydada məşğul olacaq, mütəmadi surətdə prezidentlərə hesabat verəcəklər. Ümid edirəm ki, bizim müdaxiləmizə ehtiyac yaranmayacaq, işlər vaxtında və lazımi qaydada aparılacaq”,-deyə İlham Əliyev qeyd edib.
O bildirib ki, qarşıdan gələn dövrdə ölkələrimiz arasında iqtisadi sahədə daha da güclü əməkdaşlığın şahidi olacağıq: “İqtisadi əməkdaşlığımız siyasi əməkdaşlıqla eyni səviyyədə olmalıdır. Bu, bizim məqsədimizdir”.