Hindistan ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət olunub

Hindistan ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət olunub Azərbaycanın ümumi düyü idxalının 66 %-dən çoxunu təmin edərək Hindistan Azərbaycana düyü ixracında birinci yeri tutur
Biznes
15 Yanvar , 2021 16:43
Hindistan ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət olunub
B. Vanlalvavna

Bu gün Hindistanın Bakıdakı Səfirliyi Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA) ilə birlikdə Azərbaycana Basmati düyüsü ixrac edən 7 aparıcı şirkətin iştirakı ilə onlayn alıcı-satıcı görüşü təşkil edib.

"Report" Səfirliyə istinadən xəbər verir ki, bu görüş Hindistanın Basmati düyüsünün təbliği məqsədilə təşkil olunub.

Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna alıcı-satıcı görüşünü açaraq iki ölkə arasındakı inkişaf etməkdə olan iqtisadi əməkdaşlığı vurğulayıb və Azərbaycanın ümumi düyü idxalının 66 %-dən çoxunu təmin edərək Hindistanın Azərbaycana düyü ixracında birinci yeri saxladığını bildirib. APEDA-nın sədri M.Angamutu Basmati düyüsünün müxtəlif növlərinin Azərbaycana idxal olunan məhsullar sırasında ən sevilən məhsullardan biri olduğunu qeyd edib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının Baş katib müavini Fuad Hümbətov Hindistanın Azərbaycanda ən böyük düyü ixracatçısı olmasını bildirib və Hindistanlı ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət edib.

Onlayn görüş zamanı Hindistanın 7 basmati ixracatçısının şirkətlərinin nümayəndələri öz şirkət və məhsullarına aid təqdimatlar edib. Virtual görüşdə Azərbaycandan idxalçıları və Hindistandan ixracatçıları təmsil edən təxminən 45 şəxs iştirak edb. Tədbir zamanı Hindistanın düyü ixracatçıları və Azərbaycanın düyü idxalçılarının siyahısının yer aldığı elektron kataloq buraxılıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi düyü idxalının 66 %-ni qarşılayan Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəsi olmaqda davam edir. 2019-cu ildə Hindistanın Azərbaycana düyü ixracı 28,3 milyon ABŞ dolları dəyərində olub ki, bu ölkənin ümumi düyü idxalının 73 %-dən çoxunu təşkil edir. Ötən illərdə də həmçinin müvafiq olaraq 2017 və 2018-ci illərdə 66,4 % və 73,1 % ilə Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyi idi.

1985-ci ildə Hindistan hökumət təşkilatı olaraq yaradılmış APEDA planlaşdırılmış məhsulların inkişafı istiqamətində maddi yardım, informasiya və təlimatlar verir. Qurum həmçinin planlaşdırılmış məhsulların standartlarını və spesifikasiyalarını müəyyən edir, həmin məhsulların qablaşdırılmasını və marketinqini təkmilləşdirir, məhsulların keyfiyyətinin təmin olunması məqsədilə baxış keçirir, həmin məhsullarla əlaqəli sənaye sahələrinin müxtəlif aspektləri üzrə təlimlər keçir, tədqiqatlar, texniki-iqtisadi əsaslandırma işləri aparır, fabrik və müəssisələrin sahiblərindən stastik məlumatlar toplayır və bu statistikaları nəşr etdirir.

Son xəbərlər

Orphus sistemi