Gürcüstanın ixrac etdiyi tütün və tütün əvəzedicilərinin 93 %-i Azərbaycanın payına düşüb

Biznes
  • 21 fevral, 2024
  • 08:07
Gürcüstanın ixrac etdiyi tütün və tütün əvəzedicilərinin 93 %-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 3,34 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 65 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın tütün və tütün əvəzediciləri ixrac etdiyi 4 ölkə arasında 1-ci sırada qərarlaşıb. Gürcüstanın yanvarda xaricə satdığı analoji məhsulların 93 %-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 3,6 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri satıb ki, bu da bir il əvvəlki göstəricidən 63 % azdır.

Ötən ay Gürcüstan Hindistana 136 min ABŞ dolları, Yunanıstana 95,7 min ABŞ dolları və Birləşmiş Ərəb Əmirliklərinə 0,56 min ABŞ dolları dəyərində məhsul tədarük edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 113 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri satıb ki, bunun da 35,5 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.