Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 7 %-dək azalıb

Biznes
  • 21 fevral, 2023
  • 07:39
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 7 %-dək azalıb

Bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub.

“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.

Yanvarda Gürcüstanın ümumi ticarət dövriyyəsi illik müqayisədə 29,1 % artaraq 1,46 milyard ABŞ dollarına çatıb.

Eyni dövrdə ixrac 38,5 % artaraq 459 milyon ABŞ dolları, idxal isə 25,2 % artaraq 1 milyard ABŞ dolları təşkil edib. Son nəticədə Gürcüstanın xarici ticarətində 543,9 milyon ABŞ dolları mənfi saldo yaranıb.

Ötən il Gürcüstanın ən böyük ticarət tərəfdaşları Rusiya (263,6 milyon ABŞ dolları), Türkiyə (196,1 milyon ABŞ dolları) və Azərbaycan (120,453 milyon ABŞ dolları) olub. İxracda əsas ticarət tərəfdaşlar sırasında Rusiya (87,8 milyon ABŞ dolları), Ermənistan (69,8 milyon ABŞ dolları) və Azərbaycan (51,9 milyon ABŞ dolları), idxalda isə Rusiya (175,8 milyon ABŞ dolları), Türkiyə (164,7 milyon ABŞ dolları) və Azərbaycan (68,5 milyon ABŞ dolları) qərarlaşıb.