Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 20 %-ə yaxın artıb
- 19 noyabr, 2021
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 892 milyon 123,5 min ABŞ dolları olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur.
İlk 10 ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,9 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixracın dəyəri 21,6 % artaraq 443,4 milyon ABŞ dolları təşkil edib. Gürcüstanın ümumi ixracında 13,1 % paya sahib olan Azərbaycan qonşu ölkənin Çin və Rusiyadan sonra III əsas ixrac tərəfdaşı olub.
Qonşu ölkənin Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 448,7 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni göstəricisindən 11,8 % çoxdur. Gürcüstanın ümumi idxalında Azərbaycan 5,6 % payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V yerdə qərarlaşıb.