Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycanla 689,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 22,1 % artaraq 347 milyon dollar, Azərbaycandan idxalının dəyəri isə 4,2 % artaraq 342,4 milyon dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 7,9 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub. Ölkəmizin Gürcüstanın ixracında payı 13,3 % təşkil edib ki, bununla da digər əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yerdə qərarlaşıb. Azərbaycanın Gürcüstanın idxalında payı isə 5,6 % olub ki, bununla da digər əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V sırada yer alıb.