Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15 %-dən çox artıb
- 19 sentyabr, 2023
- 07:34
Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % artaraq 979,38 milyon ABŞ dolları olub.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, qonşu ölkənin 8 aylıq ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 34,7 % artaraq 567,805 milyon ABŞ dolları (ümumi ixracın 13,9 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 3,8 % azalaraq 411,575 milyon ABŞ dolları (ümumi idxalın 4,1 %-i) olub.
Yanvar-avqust aylarında Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri isə illik müqayisədə 16,8 % artaraq 14 005 milyon ABŞ dollarına çatıb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 14,4 % artıraraq 4 079 milyon ABŞ dollarına, idxalının dəyərini isə 17,8 % artaraq 9 926 milyon ABŞ dollarına çatdırıb.
Son nəticədə Gürcüstanın xarici ticarətində 5 847 milyon ABŞ dolları mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 20,3 % çoxdur.