Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 14 % azalıb
- 19 dekabr, 2024
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 180,103 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 15,7 % azalaraq 664,367 milyon ABŞ dolları (ümumi ixracın 11,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11,6 % azalaraq 515,736 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.
11 ay ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 6,6 % artaraq 21 milyard 112,661 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 7,9 % artaraq 6 milyard 10,941 milyon ABŞ dolları, idxalın dəyəri isə 6,1 % artaraq 15 milyard 101,720 milyon ABŞ dolları olub.