Gürcüstanın Azərbaycana avtomobil ixracı 47 % azalıb

Biznes
  • 21 sentyabr, 2024
  • 06:48
Gürcüstanın Azərbaycana avtomobil ixracı 47 % azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 190,75 milyon ABŞ dolları dəyərində 9 min 132 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 47 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1 milyard 478 milyon ABŞ dolları dəyərində 68 min ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 8 % və 2 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 688,25 milyon ABŞ dolları dəyərində 18 min 920 ədəd, Qazaxıstana 464,5 milyon ABŞ dolları dəyərində 32 min 865 ədəd, Ermənistana 77 milyon ABŞ dolları dəyərində 4 min 153 ədəd, Tacikistana 15,6 milyon ABŞ dolları dəyərində 967 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

44 - Tezliklə