Gürcüstanda Azərbaycan sərmayəli zavod işini bərpa edir
- 09 mart, 2022
- 12:05
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı “Aqara” şəkər zavodu aprelin 1-dən fəaliyyətini tam gücü ilə bərpa edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüftaı naziri Otar Şamuqiyanın iri ticarət şəbəkələri və idxalçı şirkətlərin nümayəndələri ilə görüşdə bildirilib.
“Aqara şəkər” şirkətinin nümayəndəsi Nikoloz Natbiladze bildirib ki, daxili bazarda şəkər çatışmazlığı ilə bağlı təşvişə əsas yoxdur: “Bizim kifayət qədər ehtiyatımız var. Aprelin 1-dən zavod tam gücü ilə işləməyə başlayacaq və məhsulun bütün ölkə üzrə fasiləsiz çatdırılması mümkün olacaq”.
Görüşdə qeyd olunub ki, istehlak bazarında məhsul tədarükünü sabit saxlamaq və əsassız qiymət artımının qarşısını almaq üçün şirkətlərin sosial məsuliyyət daşıması vacibdir.
Azərbaycanın “Azərsun Holdinq”inə məxsus zavod fəaliyyətini martın 1-dən qismən bərpa edib. Müəssisə son illər ərzində dövlətin təqdim etdiyi güzəştli müddətin başa çatması səbəbindən bir neçə dəfə işini dayandırmalı olub.