Gürcüstan ötən ay Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 22 % artırıb
- 21 oktyabr, 2024
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 2,21 milyon ABŞ dolları dəyərində 74,35 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 10,4 %, kəmiyyət olaraq 32 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə sentyabr ayında Azərbaycan qonşu ölkədən 364,51 min ABŞ dolları dəyərində 8 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar alıb. Bu, bir il əvvələ nisbətən müvafiq olaraq 15 % və 22 % çoxdur.
Bu ilin 9 ayında Gürcüstan xarici ölkələrə 10,33 milyon ABŞ dolları dəyərində 573 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 0,1 % çox və 6 % azdır.
O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 2,66 milyon ABŞ dolları dəyərində 279 ton, Türkiyəyə 1,66 milyon ABŞ dolları dəyərində 47,3 ton, Koreya Respublikasına 1,25 milyon ABŞ dolları dəyərində 21,52 ton, Ermənistana 1,16 milyon ABŞ dolları dəyərində 102,4 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.