Gürcüstan bu il Azərbaycana rekord dəyərdə qida və içki ixrac edib
- 20 dekabr, 2023
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 96,1 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ilin rekord göstəricisidir, eyni zamanda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın qida və içki ixrac etdiyi 102 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,1 milyard ABŞ dolları dəyərində qida və içki satıb ki, bu da bir il əvvəlki göstəricidən 17 % çoxdur.
11 ay ərzində Gürcüstandan Rusiyaya 434 milyon ABŞ dolları, Ermənistana 94,6 milyon ABŞ dolları, İraqa 56,5 milyon ABŞ dolları, Ukraynaya 56 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 844 milyon ABŞ dolları dəyərində qida və içki ixrac edib ki, bunun da 77 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 43 % artıb.