Gürcüstan Azərbaycandan mineral məhsul idxalına çəkdiyi xərci azaldıb
- 21 noyabr, 2023
- 07:01
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 380,2 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 3 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr (68) sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,768 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 26 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 688 milyon ABŞ dolları, Ermənistandan 202 milyon ABŞ dolları, Rumıniyadan 135 milyon ABŞ dolları, Türkiyədən 72 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 2,964 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 483 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 1,6 % azalıb.