Gürcüstan Azərbaycandan əczaçılıq məhsulları idxalına çəkdiyi xərci kəskin artırıb
- 26 aprel, 2024
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 1,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 75 % çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 186 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 35 % çoxdur. O cümlədən Gürcüstan Türkiyədən 57,2 milyon ABŞ dolları, İsveçrədən 29 milyon ABŞ dolları, Almaniyadan 21 milyon ABŞ dolları, Macarıstandan 10,85 milyon ABŞ dolları, Fransadan 7,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 651 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib ki, bunun da 2,8 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.