"Günay Bank" mənfəətini 62% artırıb
- 25 oktyabr, 2021
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“Günay Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 399 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründə 61,5% çoxdur.
9 ay ərzində “Günay Bank”ın gəlirləri 16,269 milyon manat (illik müqayisədə 11% çox), xərcləri 14,123 milyon manat (14,5% çox), xüsusi ehtiyatlara ayırmaları 1,748 milyon manat (16,1% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Günay Bank”ın aktivləri 256,198 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% çoxdur. Bunun 178,584 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,5% böyüyüb.
Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 14,1% artaraq 190,654 milyon manata, o cümlədən depozit portfeli 21% artaraq 103,02 milyon manata, balans kapitalı isə 1,2% artaraq 65,544 milyon manata çatıb.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 54,35%-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45%-lik səhmdarı), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.