Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan "Goldenpay"ın yaradıcısı, məşhur iş adamı Fərid İsmayılzadə kommersiya qurumundakı 20%-lik payını satıb.
"Report" xəbər verir ki, bu barədə o, özü məlumat verib.
"Bu gün Azərbaycandakı iş həyatımla bağlı önəmli bir elanın vaxtı gəlib çatdı. Məsələyə yaxın olanlar bilir ki, son illərdə “GoldenPay” şirkətinin gündəlik biznes fəaliyyətində mənim çox bir rolum yox idi və tamamilə ABŞ-dakı işlərimə fokuslanmışdım.
Bu müddətdə “GoldenPay”də mənə məxsus səhm payını almaq istəyən müxtəlif yerli və xarici sahibkarlardan, şirkətlərdən və maliyyə qurumlarından mənə dəfələrlə təkliflər gəlirdi. Amerikada olduğum üçün bu təkliflərə çox da vaxt ayıra bilmirdim, həm də şirkətdən tam ayrılmaq emosional baxımdan mənim üçün asan deyildi. Uzun danışıqlardan sonra məni qane edən təklifi qəbul edib səhm payımı satmağa razılıq verdim. Bir müddət öncə imzalanmış müqavilələrə əsasən bütün müvafiq işlər artıq tamamlanıb.
Beləliklə, “GoldenPay” şirkətindən (və sahibi olduğu Hesab.az platformasından) tam ayrıldım, yəni “exit” etdim. Bu həm də şirkətin Müşahidə Şurasından çıxmağım deməkdir. Satış məbləğini, şərtləri və alıcını kommersiya sirri olduğu üçün elan edə bilmirəm. Lakin, səhm payım etibarlı əllərə keçib, şirkətin gələcək inkişafında və böyüməsində növbəti səhifənin açılacağına əminəm.
Bilirsiniz ki, “GoldenPay” (hesab.az) mənim üçün bir övlad kimi idi və ondan ayrılmaq emosional olaraq asan deyildi. Lakin, artıq Amerikada yaşadığıma və “Technovate” layihələrinə fokus olmalı olduğuma görə, həm də resurslarımı yeni layihələrə yönəldə biləcəyimi nəzərə alaraq bunu etdim. GoldenPay-in mənə verdiyi təkcə maddi aktivlər olmayıb, bundan dəfələrlə önəmli qeyri-maddi aktivlər qazanmışam. Məhz onun verdiyi təcrübə ilə Amerikada Technovate layihələrimi daha əmin addımlarla irəliyə aparıram.
Bu 14 ildə “GoldenPay”də işləmiş və işləyən, ona dəstək olmuş dostlara və qurumlara (tərəfdaşlara, banklara, prosesinq mərkəzlərinə, merçantlara və s.) və ən çox da onun xidmətindən istifadə etmiş hər kəsə təşəkkürümü bildirirəm. İndi məni Technovate olaraq Amerikada dünya üçün yeni layihələr edərkən izləyə bilərsiniz. Yeni və köhnə səhmdarlara, məni Müşahidə Şurasında əvəz edən dostum Orxana və bu postu oxuyan hər kəsə uğurlar arzu edirəm və bir daha təşəkkürlər!”, - deyə F.İsmayılzadə əlavə edib.