Vergi Apellyasiya Şurası növbəti şikayətə baxıb

Vergi Apellyasiya Şurası növbəti şikayətə baxıb "Everest.TT"nin şikayəti təmin edilməyib
Biznes
8 Aprel , 2016 16:00
Vergi Apellyasiya Şurası növbəti şikayətə baxıb

Bakı. 8 aprel. REPORT.AZ/ Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası “Everest.TT” MMC-nin ona muzdlu işlə əlaqədar kameral qaydada hesablanmış gəlir vergisi haqqında şikayətinə baxıb.

"Report"un Vegilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, cəmiyyətin direktoru Elçin Babayev 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2015-ci il noyabrın 12-də 2014-cü ilin II rübü üçün dəqiqləşdirilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsi ilə əlaqədar kameral qaydada hesablanmış əlavə vergi ilə razılaşmadığını bildirib və hesablanmış verginin silinməsini xahiş edib.

Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, vergi ödəyicisi təmir-tikinti fəaliyyəti ilə məşğul olur və 2014-cü ilin II rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin muzdlu işlə əlaqədar verginin hesablanması bölməsində rübün hər ayında 1 işçi üzrə 150 manat aylıq əmək haqqı ödənildiyini göstərib və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan 1,96 manat məbləğində vergi hesablayıb.

Bu səbəbdən vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilib və yaranmış kənarlaşma ilə bağlı müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamənin və ya əsaslandırılmış izahat məktubunun təqdim edilməsi təklif olunub.

E.Babayev izahatında "Zirvə-E" MMC, “Texno.SAB” MMC, "Zirvə-BT", "Grandcold", "Lider TT”, "Kaspi-TN", "E-Avro", “Nihad-EB” və “Şahin-VT” MMC-lərinin təsisçisi və rəhbəri olduğunu və belə çox sayda hüquqı şəxs yaratmaqda məqsədinin ƏDV qeydiyyatına düşmək istəməməsi ilə izah edib. Bununla da, o, ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan və vergidən yayındığını etiraf edib.

Bundan əlavə, müxtəlif təşkilatlarla tikinti materialları üçün müqavilə bağladığını, bank hesablarından çıxarılmış xərcləri təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini (müqavilə, qaimə-faktura, kassa mədaxil və məxaric orderi, təhtəl-hesab şəxsin avans hesabı və sair sənədlər) təqdim edəcəyini bildirən E.Babayev həmin məbləğlərin faktiki məsrəfləri barədə təsdiqedici xərc sənədlərini, görülmüş işlərin cəmiyyətin öz işçi qüvvəsi və ya cəlb olunmuş podratçı hesabına həyata keçirilməsi barədə vergi orqanına heç bir məlumat təqdim etməyib.

Vergi Apellyasiya Şurasının iclasında aparılan müzakirələr və qanunvericiliyin tələbləri, eləcə də şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, toplanmış materiallar və sübutlar nəzərə alınmaqla “Everest.TT” MMC-nin şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunub və 6 saylı Ərazi Vergilər İdarəsinə vergi ödəyicisi tərəfindən xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması əməlinə hüquqi qiymət verilməsi üçün iş üzrə materialların Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilməsi tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi