Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində “EnterpriseAzerbaijan.com” portalına daxil edilmiş 3 innovativ startapa aktivlər təqdim edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, innovativ startapların dəstəklənməsi barədə razılıq qurumla nazirlik arasında əməkdaşlıq çərçivəsində əldə olunub.
Startaplardan biri Healwith" adlanır ki, o da süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. Layihə hazırda prototip halındadır və 4 xəstəlik tanıyır. Yaxın zamanda sistemə 32 xəstəlik əlavə ediləcək və bazada yerləşdiriləcək. HealWith müəyyən mənada “cib aqronomu” rolunu oynayır, beləcə, insanlara vaxt və büdcəyə qənaət edərək təsərrüfatlarını inkişaf etdirməyə kömək edir.
Özünüməşğulluq çərçivəsində dəstək alan digər startap "İnterno" platforması - tələbə və yeni məzun olan gənclərə ixtisaslarına uyğun təcrübə proqramlarını təqdim edən layihədir. Şirkətlər platformada özlərinə hesab açaraq elan etmək istədikləri təcrübə proqramlarını yerləşdirirlər. Tələbə və məzunlar portal vasitəsilə təcrübə proqramlarına müraciət edirlər. Gələcəkdə müsahibələr platforma üzərindən online formatda da həyata keçiriləcəkdir.
Üçüncü innovativ layihə isə "Bonpini "starapıdır. Dünya təcrübəsində bir çox insan yaşadığı və ya işlədiyi əmlakı digərləri ilə bölüşərək aylıq kirayə haqqına qənaət edir. “Otaq yoldaşı”, “ev yoldaşı”, “ofis yoldaşı” ifadələri yəqin ki, hamımıza tanışdır. Bonpini bu xidməti onlinə şəkildə göstərir. İstifadəçilərin asanlıqla özlərinə uyğun elanı seçməsi üçün bütün detallar qeyd olunur. Bu tətbiq vasitəsi ilə evin və ya ofisin istifadə edilməyən otağını, həmçinin 1 yataq yerini və ya 1 iş masasını kirayə verərək xərclərinə qənaət edə bilər.
"EnterpriseAzerbaijan.com" portalının missiyası investisiya layihələr, startaplar və aktivlər, habelə, təbii resurslar və investisiya imkanları haqqında məlumatları xarici və yerli investorlara təqdim etmək və startapların inkişafına töhfə verməkdir.