Əmək bazarında şəffaflaşma islahatları hansı nəticələri verdi?

Əmək bazarında şəffaflaşma islahatları hansı nəticələri verdi? 2021-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, son 2 ildə, yəni islahatın başladıldığı 2019-cu ilin əvvəlindən əmək müqavilələrinin sayı 300 mindən çox artıb
Biznes
18 Yanvar , 2021 16:25
Əmək bazarında şəffaflaşma islahatları hansı nəticələri verdi?

Ölkədə iqtisadiyyatın inkişafının təmin edilməsi istiqamətində görülən işlər, şəffaflığın təmin edilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizə qeyri-qanuni məşğulluğun ləğvini sürətləndirib.

“Report” xəbər verir ki, əmək münasibətlərinin leqallaşdırılması, işçilərin işə yalnız rəsmi qaydada - əmək müqaviləsi bağlanmaqla cəlb edilməsi, o cümlədən maaşların ağardılması iqtisadiyyatın inkişafını təmin etməklə yanaşı, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına da mühüm töhfə verib. Əmək münasibətlərinin şəffaflaşdırılması üçün görülən işlər həm də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri ilə də müşayiət olunub.

Əmək bazarında islahatların nəticəsi

Qeyri-neft sektoru və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar 8 000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və əmək haqqının ölkə üzrə 250 manata qaldırılması əmək bazarında müsbət tendensiyalara yol açıb. Bu islahatın əsas məqsədi özəl sektoru əmək müqavilələrini və iş yerlərini ağartmağa sövq etmək, əmək bazarını kölgədən çıxarmaqla işçiləri gələcək pensiya təminatı ilə əhatə etmək idi.

2021-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, son 2 ildə, yəni islahatın başladıldığı 2019-cu ilin əvvəlindən əmək müqavilələrinin sayı 300 mindən çox artıb. Bu artımın 80 faizindən çoxu əmək haqqı islahatının tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşür. Nəzərə alsaq ki, islahatın əvvəlinə ölkədə özəl sektorda əmək müqaviləsi ilə işləyən işçilərin sayı cəmi 540 minə yaxın idi, o zaman bu sektorda “ağarma” göstəricisinin əhəmiyyətli şəkildə artmasını görmək mümkündür. Beləliklə, “vergi islahatları hansı nəticələr verib” sualına aşağıdakı cavabları vermək olar:

Birincisi, bu yüz minlərlə işçinin hüquqlarının təmin olunmasıdır. Həmin adamlar normal pensiya təminatı ala, haqqı ödənilən məzuniyyət əldə edə bilər, müxtəlif sosial ödəmələrə hüququ yaranar və işdən istənilən vaxt çıxarıla bilməzlər.

İkincisi, bu gəlirlərin “ağarması”dır. İlin nəticələri hələlik bəlli olmasa da, 2020-ci ilin 9 aylıq göstəriciləri əsasında bu ağarmanın, habelə əmək haqqına minimal həddin müəyyən edilməsinin əmək haqqı fonduna və dövlət büdcəsinə ödəmələrə təsirlərini qiymətləndirmək mümkündür.

2020-ci ilin 9 ayının yekunu üzrə ölkədə əməkhaqqı fondu 27,4 %, o cümlədən qeyri-neft özəl sektorda 14 % artıb. Qeyri-neft özəl sektorda əmək haqqı fondunun əhalinin gəlirlərində xüsusi çəkisi 2018-cu ildə 6,7 % olduğu halda, 2020-ci ilin 9 ayında 9,2 %-ə yüksəlib. Beləliklə, vətəndaşların gəlirləri ağarıb və bu onlara ən müxtəlif məsələlərdə, məsələn kreditlərin əldə edilməsində kömək edəcək.

Üçüncüsü, vergi islahatları dövlət büdcəsinə bəlli bir məbləğdə itkiyə səbəb olsa da, islahatın effektivliyi zərərləri qarşılayır. Əmək bazarının şəffaflaşması şəraitində 2020-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 3 552,4 mln. manat təşkil edərək ötən illə müqayisədə 21,2 % artıb, illik proqnozdan əlavə 159,8 mln. manat vəsait daxil olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,6 % artıb, proqnozdan əlavə 124,2 mln.manat vəsait daxil olub.

Göründüyü kimi, əmək bazarının şəffaflaşması büdcəyə daxil olan vəsaitin artımına, bu isə öz növbəsində sosial layihələrin əhatə dairəsinin genişlənməsinə imkan verib.

Pandemiya şəffaf işləməyin vacibliyini göstərdi

İqtisadiyyatda şəffaflaşma maliyyə resurslarının və onların səmərəliliyinin artmasına imkan verib. Koronavirus pandemiyası müddətində sahibkarlar bunu təcrübədə gördülər. Sahibkarlara dəstəyin təmin edilməsi üçün pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərə əmək haqlarının ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyi, iqtisadiyyata güzəştli kredit dəstəyi, vergi güzəştləri və digər dəstəkləyici tədbirlər həyata keçirildi. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün böyük vəsait ayrılıb və işçilərə, sahibkarlara gələn ziyan dövlət vəsaiti hesabına qarşılanıb. Dövlət dəstəyi şəffaf işləyən sahibkarlara daha üstün dividentlər gətirdiyindən, iş yerlərinin leqallaşdırılması prosesi bir qədər də sürətlənib. Nəticədə pandemiya şəraitində Azərbaycanda ötən ilin martın əvvəlindən ilin sonunadək böyük sayda iş yeri leqallaşıb.

Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı, yaranmış mürəkkəb situasiyadan cüzi itkilərlə çıxmağı bacarıb və nümunə kimi, ölkənin strateji valyuta ehtiyatlarının demək olar dəyişməyən həcmini göstərmək olar. Bütün bunlar şəffaflaşma indeksinin yüksəlməsinin müsbət nəticələridir.

Əmək bazarına nəzarət təkmilləşib

Əmək müqaviləsinin bağlanmasının əhəmiyyəti təkcə dövlət büdcəsinə gəlirlərin artımı ilə məhdudlaşmır. Bu, həm də vətəndaşın özü üçün yaratdığı sosial güvən platformasıdır.

Digər tərəfdən vergi orqanlarının əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi ilə bağlı yeni yanaşması da öz sözünü deyir. Əmək müqavilələrinə və əmək haqqı fonduna olan tələblər vergi xidmətinin ciddi nəzarətindədir. Vergi orqanları nəzarət funksiyasının yerinə yetirilməsi üçün müasir mexanizmlərdən istifadə edir, indi nəzarət funksiyasını elektron sistemlər və süni intellekt modulları əvəz edir. Bu isə real vaxt rejimində daha çox vergi ödəyicisinə nəzarət edilməsinə imkan yaradır.

Sahibkarın təqdim etdiyi bəyannamələrdə, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əmək haqqı məbləğləri onun real potensialı, eləcə də həmin sektorda işləyən digər sahibkarların əmək haqqı məbləği göstəriciləri ilə üzləşdirilir. Məsələn, işçi sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əmək haqları sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Vergi orqanları bu halı vergidən yayınma əlaməti kimi dəyərləndirə bilər.

Yaxud sahibkar əmək haqqı ödəməklə işə cəlb etməli olduğu işçi ilə xidmət müqavilə bağlayır. Ən geniş yayılmış hallardan biri də budur ki, əksər sahibkarlar işçilərlə bağlanmış müqavilələrdə əmək haqqı məbləğlərini minimum əmək haqqı məbləği səviyyəsində göstərir. Bununla da vergidən və sosial ödəmələrdən yayınmağa çalışırlar. Əlbəttə, bu həm də həmin işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İşçilərə uçotdan kənar əmək haqların verilməsi və ya əmək münasibətlərinin rəsmiləşdirilməməsi bu işçilərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur.

Bəzən vətəndaşlar əmək müqaviləsinin hüquqi əhəmiyyətindən xəbərsiz olurlar. Bu baxımdan maarifləndirmə işlərinin əhəmiyyəti böyükdür. Müşahidələr göstərir ki, indi insanların da əmək müqaviləsinin bağlanmasına, əmək haqqının real göstərilməsi ilə bağlı məsələlərə münasibəti dəyişib. Hamı bunun öz gələcəyi üçün əhəmiyyətini başa düşür. Nəhayət bu sahədə “buzlar əriməyə” başlayıb, insanlar daha tələbkar olublar.

Müharibə bizə çox dərslər verib

Vətən müharibəsi bizə təkcə döyüş meydanında qələbə əldə etməyi deyil, bu kimi həlledici məqamlarda iqtisadiyyatın güclü olmasının önəmini bir daha öyrətdi. Resurslar çox önəmlidir. Dövlət iqtisadi cəhətdən möhkəm olmalı, müharibəni aparmaq üçün lazmi resurslara malik olmalı, onu daim yenidən bərpa etmə gücündə olmalıdır. Ermənistan hər şeydən əvvəl ona görə uduzdu ki, o bu müharibəyə nə insan, nə iqtisadi resrsları ilə hazır deyildi. Azərbaycan isə bu müharibədə təkcə insanlarının qələbə əzmi ilə deyil, həm də dayanıqlı iqtisadiyyata malik olması ilə qalib gəldi.

Müharibə bitib, lakin indi Azərbaycan qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası məsələsi durur. Bu böyük missiya özü qədər də böyük maliyyə resursları tələb edən vəzifədir. Aydındır ki, yaxın bir neçə ildə dövlətin əsas xərcləri məhz bu məqsədlərə yönələcəkdir. İqtisadiyyatın şəffaf işləməsi, sahibkarların vergiləri düzgün ödəməsi hər zamankından daha vacibdir. Çünki ödənilən hər manat Qarabağın bərpa edilməsinə gedəcək. Müharibə bizim bir çox məsələlərə münasibətimizi yenilədi. Güclü dövlət olmağın iqtisadi gücdən asılı olduğunu indi hər kəs anlayır. Düçmənlərimizin bir daha çevrilərək Azərbaycana tərs baxa bilməməsi üçün biz çox güclü olmalıyıq. Bunun yolu isə, ilk növbədə, özümüzdən keçir. Vergilərinizi şəffaf ödəməyə başladığınız, büdcədən gizlətməyə çalışmadığınız andan başlayır güclü dövlət.

Son xəbərlər

Orphus sistemi