Ekspertlər şərabçılığın inkişafına dair yeni dövlət proqramını yüksək qiymətləndirir

Ekspertlər şərabçılığın inkişafına dair yeni dövlət proqramını yüksək qiymətləndirir Bakı. 4 may. REPORT.AZ/ Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı” Azərbaycanda şərabçılığın inkişafında həlledici rol oynayacaq.
Biznes
4 May , 2018 17:14
Ekspertlər şərabçılığın inkişafına dair yeni dövlət proqramını yüksək qiymətləndirir

Bakı. 4 may. REPORT.AZ/ "Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı” Azərbaycanda şərabçılığın inkişafında həlledici rol oynayacaq". 

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov deyib. 

"Bu dövlət proqramının yerinə yetirilməsi şərabın ixracında daha yüksək göstəricilərə nail olmağımıza imkan yaradacaq. İlk dəfədir ki, şərabçılığın inkişafı ilə bağlı belə dövlət proqramının şahidi oluram. Bu, birbaşa şərabçılığın inkişafını hədəfləyir. Azərbaycanda 600-dan çox üzüm növü var. Proqramın icrası yerli üzüm növlərinin bərpa edilməsinə, yeni Azərbaycan şərabi brendlərinin yaradılmasına imkan verəcək", - deyə o qeyd edib. 

"Xaricdən gətirilən üzüm növləri ilə yüksək nəticə əldə edəcəyimizə inanmıram"

T.Həsənovun fikrincə, Azərbaycanda üzüm və şərab istehsalının həcmini artırmaq üçün xaricdən üzüm növləri gətirməyə ehtiyac yoxdur: "Biz xarici bazarlara Azərbaycana məxsus üzüm növləri və brendlərlə çıxmalıyıq. Digər ölkələrə məxsus üzüm növlərini əkib-becərə bilərik. Lakin həmin növlər üzrə onların vətənindən yüksək keyfiyyətdə məhsul almaq mümkün deyil. Yerli növlərə üstünlük verilməlidir. "Azəri", "Göy-göl", "Bəhrəli", "Kəpəz" növləri artıq rayonlaşdırılıb, Respublika Komissiyasına təqdim edilib. Yəni bu üzüm növləri artıq dövlət reystrinə daxil edilib. Bunların gələcəkdə artırılması nəzərdə tutulur". 

"Şərab turizmi inkişaf etdirilməlidir"

Bundan başqa, İnstitut direktoru şərab turizminin bu gün üçün çox aktual olduğu bildirir: "Ölkəyə bu gün çoxlu turistlər gəlir. İnstitutda şərab kolleksiyamız var. Bu yaxınlarda 30 nəfər Bolqarıstandan nümayəndə gəlmişdi. Kolleksiyamızda olan məhsulları bunlara təqdim edirik. Hazırladığımız şərabları beynəlxalq dequstasiyalara təqdim edirik. Mayın 9-17-də Pekində Beynəlxalq Dequsdasiya keçiriləcək. Orada Azərbaycan şərablarını da dequstasiyaya təqdim etmişik. Mən də mütəxəssis kimi dəvət ediblər. İtaliyda mayın 3-dən iyunun 5-nə qədər yenə belə bir tədbir keçiriləcək, həmin tədbirdə də biz Azərbaycan məhsullarını təqdim edəcəyik".

"Gürcüstanla müqayisədə 5 dəfə az şərab ixrac edirik"

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru İlham İdayətov da şərabçılığın inkişafına dair dövlət proqramını yüksək qiymətləndirir. Onun sözlərinə görə, proqnoz ölkədə şərabçılıqla məşğul olan sahibkarlar üçün yeni imkanlar yaradır: "Hazırda Azərbaycanın şərab ixracı mövcud potensialla müqayisədə azdır. Məsələn, Gürcüstanla müqayisədə, təqribən, 5 dəfə az şərab ixrac edirik. Şərab zavodlarında kifayət qədər məhsul da var, lakin hansısa səbəblərə görə ixrac hələ ki, azdır. Koreya, Çin, Rusiya, ABŞ və bir sıra Avropa ölkələri ilə şərabın ixracına dair müqavilələr bağlanıb. Bu il ixrac ötən illə müqayisədə iki dəfə çox ixrac olacaq. Qazaxıstan, Belarus və Şanxayda Azərbaycan şərab evləri açılıb. Bu isə, öz növbəsində, ixraca təsir edəcək. Ötən il əsas Çinə, Rusiyaya, Qazaxıstana ixrac edilib". 

"Diasporumuz, səfirliklərimiz, konsulluqlarımız Azərbaycan şərabının təbliğində zəifdirlər"

İ.İdayətov deyir ki, şərabçılıq sahəsində marketinq təşkil edilməlidir: " Azərbaycanın səfirliklərinin, konsulluqlarının üzərilərinə məsuliyyət düşür. Onlar şərabımızın təbliğatı ilə məşğul ola bilərlər. Azərbaycan diasporu, səfirliklər, konsulluqlar bu sahədə çox zəifdirlər. Bu sahədə subsidiyanın olması da vacibdir. İctimai qurum olaraq ancaq təkliflər verə bilərik. Səlahiyyətimiz olmadığına görə çətinliklərimiz olur. Bizə müəyyən səlahiyyətlər verilsə, sahibkarlarla dövlət arasında körpü yarada bilərik.

"Mövsüm zamanı sahibkarların əlində məhsul qalır"

Bundan başqa, Assosiasiya sədrinin sözlərinə görə, fermerlərin problemləri də yerində öyrənilməlidir: "Bəzilərinin su, nəqliyyat və digər problemləri var. Fermerlərlə şərab zavodları üzümün satışına dair müqaviləni əvvəlcədən bağlamalıdır. Bir sıra boşluqlar var. Fermerlərlə görüşlərdə üzüm mövsümündə daim məhsullarının əllərində qaldıqlarından şikayətlənirlər. Müqavilənin əvvəlcədən imzalanması sahibkarlara və şirkət sahiblərinə xeyirdir. Sahibkarlar müqaviləyə uyğun məhsul yetişdirir və məhsulları əllərində qalmır". 

Son xəbərlər

Orphus sistemi